ABŞ administrasiyası süni intellektdən yaranan risklərin qarşısını almağa yönəlmiş hərtərəfli fərman verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ağ Evdən verilən açıqlamaya görə, ABŞ prezidenti Co Baydenin əmri ilə hazırlanan fərman süni intellekt təhlükəsizliyi üçün yeni standartlar təqdim edir.
Amerikalıları süni intellekt sistemlərinin potensial risklərindən qorumaq üçün hazırlandığı bildirilən fərman, süni intellekt sistemləri inkişaf etdirən şirkətlərdən təhlükəsizlik testlərinin nəticələrini və digər kritik məlumatları hökumətlə paylaşmağı tələb edir.
Fərmana əsasən, qurumlar təhlükəsizlik testləri üçün standartlar müəyyən etməli və kibertəhlükəsizlik risklərini aradan qaldırmalıdır. İnsanları fırıldaqçılıqdan qorumaq üçün süni intellektlə yaradılmış məzmunu aşkar etmək və yoxlamaq üçün yeni qaydalar tətbiq edilir.
Bu kontekstdə proqram təminatında təhlükəsizlik zəifliklərini tapmaq və aradan qaldırmaq üçün qabaqcıl kibertəhlükəsizlik proqramının yaradılması da hədəflənir.