Son illər ölkəmizdə aktyorluğa maraq getdikcə artmaqdadır. Bu fonda fəaliyyət göstərən özəl kursların da sayında artım müşahidə olunur. Belə özəl qurumlardan biri də Azərbaycan İncəsənət Məktəbidir. Bu məktəbdə aktyorluq üzrə təhsil verilir.
İnterpress.az xəbər verir ki, Azərbaycan İncəsənət Məktəbinin fəaliyyəti ilə bağlı hazırlanan reportajda İncəsənət məktəbinin heyəti öz fikirlərini bölüşüblər.
Teatr rejissoru, ssenarist Racu Şıxlı bildirib ki, uşaqların və gənclərin incəsənətə yönləndirilməsində mütləq istedad vacib deyil. Belə ki, hər hansısa istedadı olmayan uşaqdan da nəsə almaq olar. Yetər ki, istək olsun.
Azərbaycan İncəsənət Məktəbinin kaskadyorluq üzrə xoreoqrafı və səhnə döyüşü müəllimi Sain Fərhad isə qeyd edib ki, ölkəmizdə kaskadyorluğa maraq kifayət qədər böyükdür. Belə ki, müraciət edənlər arasında 7 yaşından 40 yaşına kimi şəxslərə rast gəlmək mümkündür.
Rəqs müəllimi Fəridə Xəlilzadəyə görə, rəqslə məşğul olmaq insanın özünü tanıması üçün ən yaxşı metodlardan biridir. O, vurğulayıb ki, elə Azərbaycan İncəsənət məktəbinin tələbələrinin də rəqs dərslərinə marağı yüksəkdir. Bu tələbələr əsasən 13-25 aralığındadır.
Azərbaycan İncəsənət Məktəbinin təsisçisi, aktyor sənəti və səhnə danışığı üzrə müəllim Fərid Bagirov 4 tələbə ilə fəaliyyətə başlayan qurumun artıq kifayət qədər tələbələrinin olduğunu bildirib. O, qeyd edib ki, qurumun fəaliyyətinin başlanğıcında müəyyən çətinliklər olsa da, artıq məlum problemlər öz həllini tapıb. Özəl kursların fəaliyyətinə də toxunan Fərid Bağırov hesab edir ki, bu gün əksər özəl kurslar öz tələbələrinə heç də məqsədə uyğun tədris vermirlər. Həmin qurumlar sadəcə öz mənfəətlərini düşündükləri üçün tələbələrdən məhz reklam kimi istifadə edirlər.