Almaniya məhkəməsi HƏMAS-ın yüksək səviyyəli maliyyəçisinin həbsinə order verib.
İnterpress.az xəbər verir ki, bu barədə BİLD məlumat yayıb. Almaniya Baş Prokurorluğu ölkədə HƏMAS terror təşkilatının üzvləri və ortaqları ilə bağlı araşdırmalara başlayıb.
Nəşrin öyrəndiyi kimi, federal hakim əsas fiqurlardan biri, Berlində yaşayan 62 yaşlı Məcid əl-Zirin həbsinə order verib. O, hazırda gizlənir: əl-Zir, ehtimal ki, İsveç vasitəsilə Türkiyəyə gedib.
Məcid əl-Zir Almaniyada HƏMAS-ın kölgə koordinatoru hesab olunur. O, Berlində İsrail əleyhinə keçirilən nümayişlərdə açıq şəkildə iştirak edib, təxribat xarakterli çıxışlar edib.
O, əvvəllər radikal təşkilatlarla sıx əlaqələri olan Londonda Fələstinin Qayıdılması Mərkəzinə rəhbərlik edib. O, 2023-cü ildə 1200-dən çox insanın ölümünə səbəb olan 7 oktyabr HƏMAS hücumunu “Fələstinin özünümüdafiəsi” adlandırıb.
Müstəntiqlərin fikrincə, əl-Zir təşkilatın Yaxın Şərqdəki nümayəndə heyətlərində iştirak da daxil olmaqla, HƏMAS-a vəsait toplanması və maddi-texniki dəstəyi koordinasiya edib.
Keçən ilin sonunda Berlin polisi Avropadakı yəhudi hədəflərinə hücumlar üçün nəzərdə tutulduğu güman edilən yeraltı silah anbarını aşkar edib. Bu işin izi də Məcid əl-Zirəyə aparır.
ABŞ artıq əl-Ziri terrorizmin beynəlxalq sponsorları siyahısına əlavə edib. Almaniyada, xüsusi xidmət orqanlarının məlumatına görə, o, ictimai tədbirlərdə və siyasi fəaliyyətlərdə fəal iştirak etməklə yanaşı, “HƏMAS-ın gizli nümayəndəsi” kimi fəaliyyət göstərib.
Xuraman Etibarlı
İnterpress.az