Almaniyada qeyri-qanuni saxlanılan 8 pələng təlimçidən rəsmən müsadirə edilib.
İnterpress.az xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.
Almaniya polisi, ictimai asayiş xidməti və baytarlıq müfəttişləri Leypsiq yaxınlığındakı sənaye zonasında keçirdikləri birgə reyd zamanı tanınmış sirk artisti Karmen Zanderə məxsus 8 pələngi rəsmən müsadirə ediblər.
Müsadirə olunan heyvanlardan ikisi yetkin, altısı isə təxminən bir yaşlarında olan gənc pələnglərdir.
Hazırda sirk və əyləncə mərkəzləri iri yırtıcıların iştirakı ilə şoular sifariş etmədiyi üçün, təlimçi qadın heyvanları sənaye zonasındakı dar sirk furqonlarında saxlayırmış.
Əməliyyat zamanı pələnglər xüsusi iynələrlə yatızdırıldıqdan sonra nəqliyyat qəfəslərinə yüklənib.
Məlumata görə, müsadirə olunmuş azyaşlı pələnglərin yaxın günlərdə İspaniyaya göndərilməsi planlaşdırılır, yetkin pələnglərin isə müvəqqəti olaraq Zanderdə qalmasına icazə verilib.
Bu reyd təlimçi ilə rayon hakimiyyəti arasında heyvanların qeyri-qanuni saxlanması şərtləri ilə bağlı uzun müddətdir davam edən mübahisənin nəticəsidir.
Rayon rəsmiləri keçmiş “pələng kraliçası”nı heyvanları dar vaqonlarda saxlayaraq qeyri-insani rəftarda ittiham edirlər. Bu davanın ən faciəvi hadisəsi isə may ayında baş verib.
Belə ki, qəfəsdən qaçan pələnglərdən biri yaxınlıqdakı bağ sahəsində işləyən 73 yaşlı fəhləyə ağır xəsarətlər yetirmiş və yalnız polis tərəfindən güllələnərək zərərsizləşdirilmişdi.
Prokurorluq tərəfindən faktla bağlı araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






