Amerikanın sülh planı Putinin istəyinə bənzəyir.
İnterpress.az xəbər verir ki, bu barədə BILD-in siyasi şərhçisi Roman Ayxinger bildirib.
Almaniyanın BILD nəşrinin politoloqu Roman Ayxinger ABŞ-nin Ukrayna üzrə hazırladığı sülh planını “Putinin dikte etdiyi sənəd” adlandırıb.
O bildirib ki, sənəd ciddi şəkildə irəli sürülübsə, bu, Kiyev üçün faktiki kapitulyasiya, Avropa üçün isə siyasi fəlakət deməkdir.
Ayxingerin sözlərinə görə, planın əsas təhlükəsi üç məqamdan ibarətdir.
Birincisi, Rusiya işğal etdiyi əraziləri “həmişəlik” əldə etmiş kimi tanınır. İkincisi, Moskva beynəlxalq arenada reabilitasiya olunur, sanksiyaların qaldırılması və Putinin qayıdışı nəzərdə tutulur. Üçüncüsü, Ukrayna üçün verilən təhlükəsizlik təminatları etibarsız görünür — çünki Moskva bu cür vədlərə heç vaxt əməl etməyib, Tramp isə mövqeyini hər həftə dəyişir.
Ayxinger qeyd edir ki, belə bir razılaşma Putin üçün “növbəti müharibəyə başlamaq üçün dəvət” ola bilər.
O, bunun tarixdə analoqları olduğunu xatırladıb: Münhen müqaviləsi ilə Hitleri “yumşaltmaq” cəhdləri və Krımın demək olar ki, cəzasız ilhaqı.
Şərhçi Avropanın bu prosesdə kənarda qalmasını da gözlənilən adlandırır:
“Təhlükəsizliyi Tramp dönəmində ABŞ-dən asılı olan zəif hərbi ittifaq yeni dünya düzəni müzakirə ediləndə masa arxasında olmur”.
O, Avropanın yalnız bir nəticəyə gəlməli olduğunu vurğulayıb: qitə real hərbi gücə çevrilməli, ideal halda isə öz ordusuna sahib olmalıdır.
Xuraman Etibarlı
İnterpress.az






