Nüvə enerjisi iqlim məqsədlərinə çatmağın bir yolu ola bilər.
İnterpress.az bildirir ki bu barədə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının keçmiş vitse-prezidenti, COP Bürosunun üzvü Andrey Boiç (Andrej Bojic) bildirib.
Onun fikrincə, nüvə enerjisinin əsas üstünlüyü ondan ibarətdir ki, digər enerji mənbələri ilə müqayisədə, xüsusən də kömürlə müqayisədə enerji hasil etmək üçün nisbətən az miqdarda nüvə yanacağı tələb olunur: “Bəzi tədqiqatlar göstərir ki, 1000 MVt gücündə elektrik stansiyaları ildə 30 ton uran yanacağı ilə müqayisədə 2 milyon ton kömür istehlak edir”.
A.Boiç vurğulayıb ki, kömürlə işləyən elektrik stansiyası ildə 6 milyon ton karbon qazı və 120 min ton kükürd qazı, 25 min ton azot oksidi, o cümlədən 300 min tona yaxın kül, toz və digər zərərli maddələr istehsal edəcək.
Ekspert iddia edir ki, eyni gücə malik atom elektrik stansiyası (AES) 30 ton uran yanacağından istifadə edərkən cəmi bir ton radioaktiv tullantı əmələ gətirir, yerdə qalan 29 ton – uran və plutoniumdan təkrar istifadə oluna bilər.
Köhnəlmiş AES-lərdən danışan ekspert bildirib ki, belə stansiyalar təxminən 30 il, daha müasirləri isə 40 ildən 60 ilədək xidmət müddətinə hesablanıb: “Hər hansı bir elektrik stansiyasının istismar müddəti başa çatdıqdan sonra, digər məqsədlər üçün yer açmaq üçün istismardan çıxarılmalı, təmizlənməlidir və sökülməlidir”.
Qeyd edək ki, Azərbaycan 2024-cü ilin noyabrında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) sədrliyi çərçivəsində nüvə təhlükəsizliyi məsələsinə diqqət yetirəcək./Report