Antiterror tədbirləri Ermənistan üçün fürsətdir: Paşinyan yenə də sülh müqaviləsindən yayınarsa…backend

Antiterror tədbirləri Ermənistan üçün fürsətdir: Paşinyan yenə də sülh müqaviləsindən yayınarsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı deyib ki, regionda sülh Ermənistanın təhlükəsizliyini, o cümlədən müstəqilliyini və suverenliyini təmin edən amildir. Baş nazir regionun dinc inkişafının vacibliyindən danışaraq, 1991-ci ilin dekabrında qəbul edilmiş Almatı Bəyannaməsinə toxunub və bu sənədin əsasında İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib.

N.Paşinyan əlavə edib ki, Almatı Bəyannaməsindən imtinaya çağırış, əslində, Ermənistanın müstəqilliyi və ərazi bütövlüyündən imtinaya çağırış deməkdir.

Məlum olduğu kimi, Paşinyan Azərbaycanla münasibətlərin normallaşmasına, o cümlədən sülh müqaviləsinə dair müntəzəm olaraq loyal bəyanatlar verir. O, sülh müqaviləsində maraqlı olduğunu dəfələrlə deyib. Buna baxmayaraq, Ermənistan hərbi-siyasi hakimiyyətinin əməli addımları deyilənlərlə üst-üstə düşmür. Təxribatlar, demək olar, səngimir.

Son vaxtlar davam edən provokasiyaların əsas mənbəyi Qarabağdakı qanunsuz erməni birləşmələri idi. Məhz onlar bölgədə gərginliyə səbəb olurdular. Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində bu təhdid mənbəyi tamamilə aradan qaldırıldı. Bu isə əslində Ermənistan hərbi-siyasi hakimiyyəti üçün yaradılan fürsətdir.

Azərbaycan yenə də öz işini özü gördü, sülhə mane olan əsas problemi həll etdi. Bu, sözsüz ki, sülh perspektivi ilə bağlı ehtimalı artırır.

Paşinyan o qədər də axmaq siyasətçi deyil. İctimai rəylə işləməyi və perspektivləri müəyyənləşdirməyi bacarır.

Baş nazir başa düşür ki, Ermənistan dövlətçiliyini qorumağın yeganə yolu sülh, regional əməkdaşlıqdır. Əgər sülh imzalanmasa, Ermənistan beynəlxalq güclərin rəqabətinin qurbanı olacaq.

Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir neçə dəfə bəyan edib. Amma sözdə deyilənləri əməldə təsdiqləmək lazımdır. Düşünmək olar ki, indiyə kimi buna mane olan əsas məsələlərdən biri Qarabağdakı xunta rejimi idi. Ən azından ona görə ki, Qarabağdakı qanunsuz hərbi birləşmələr müntəzəm olaraq təxribatlar törədirdi. Bu isə sülh perspektivinin qarşısını alırdı. Son zamanlar xunta rejimi ilə Ermənistan hərbi – siyasi hakimiyyəti arasında artan gərginlik də onu deməyə əsas verir ki, qondarma qurum Paşinyanın “ayağına dolanırdı”.

Bu mənada Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirlərinin nəticəsi əslində həm də Paşinyan üçün fürsətdir. İndi o sadəcə olaraq sülh arzusu ilə bağlı açıqlamalarında səmimi olduğunu göstərməlidir. Əks halda Paşinyan üçün daha çətin olacaq.

Kənan Novruzov
İnterpress.az