“Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq potensialı böyükdür”backend

“Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq potensialı böyükdür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında əməkdaşlıq potensialı böyükdür və tam şəkildə istifadə olunmur. Bəzi problemlər var və onlar hələ də öz həllini tapmayıb. Bu, ilk növbədə, iqtisadiyyat sahəsində olan problemlərdir”.

İnterpress.az xəbər verir ki, bunu “Report”a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib.

O hesab edir ki, əsas çətinliklərdən biri Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamasıdır: “Məhz ona görə bəzi problemlər yaranır, Avropa İttifaqından ixrac məsələsi öz həllini tapmayıb”.

Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlar yekunlaşmaq üzrədir. Sabiq XİN başçısı söyləyib ki, sənəd üzərində işin başa çatdırılması üçün heç bir əngəl yoxdur:

“Ümumiyyətlə, bu, Avropa İttifaqı ilə Azərbaycan arasında mürəkkəb məsələdir, çünki digər ölkələrdən fərqli olaraq bizim ixrac və idxal balansımız fərqlidir. Digər ölkələr dedikdə, sözsüz ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən dövlətləri nəzərdə tuturam. Bununla belə, proqrama üzv olan digər ölkələrdən fərqli olaraq Azərbaycan sadəcə kömək almır, çünki Azərbaycanın özünün maliyyə imkanları genişdir”.

T.Zülfüqarovun sözlərinə görə, rəsmi Bakı Azərbaycan-Avropa İttifaqı ilə münasibətlərində xüsusi qaydaların tətbiq olunmasını tələb edir:

“Azərbaycan hökuməti daxili məhsul istehsalçılarını müdafiə etmək istəyir. Bu, daxili bazarda rəqabətliliyi gücləndirmək üçün edilir. Tələblər qəbul olunsa, Avropadan Azərbaycana ixrac arta bilər. Belə olanda Avropa malları Azərbaycan bazarında daxili məhsul istehsalçıları üçün rəqabət yaradacaq. Ona görə də bizim iqtisadiyyatımızda ziyanlı vəziyyət yarana bilər. Problemlər ilk növbədə bununla bağlıdır. Azərbaycanın ixrac malları əsasən neft və qazdır. Onlar, təbii ki, hər yerdə satıla da bilər, ixrac oluna da bilər. Buna görə də söhbət Azərbaycanın daxili bazarının qorunmasından gedir. Amma Avropa İttifaqı ölkələri, əlbəttə, Azərbaycan kimi böyük bazarı əldə etməkdə maraqlıdırlar. Onların marağı məhz bu istiqamətdədir”.