“Global Terrorism Index 2025” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib.
Dünyada terror təhlükəsinin ən yüksək olduğu ölkələr
İnterpress.az xəbər verir ki, ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara – 1.Burkina Faso (8.581), 2.Pakistan (8.374), 3.Suriya (8.00) daxil edilib.
Qeyd olunan sıralamada İsrail (7.463) 8-ci, Rusiya (6.267) 16-cı, İran (6.056) 18-ci, Türkiyə (3.968) 32-ci, ABŞ (3.517) 34-cü, Fransa (2.712) 40-cı, Niderland (1.402) 60-cı, Norveç (1.198) 66-cı, Finlandiya və Yaponiya (0,949) 72-ci, Danimarka və Ermənistan (0.72) 79-cu, Avstriya və Cənubi Koreya (0.582) 82-ci, Latviya və Litva (0.423) 86-cı yerdə qərarlaşıb .
“Global terrorism index” nəyə əsaslanır?
“Global Terrorism Index” (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.
Azərbaycanın təhlükəsizlik reytinqi: dünyanın ən təhlükəsiz ölkələrindən biri
Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 2024-cü illə müqayisədə (89) bir reytinq də yüksələrək 2025-ci ildə 90-cı yerdə qərarlaşmaqla, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib.
Beynəlxalq təşkilatların qiymətləndirməsi
Beynəlxalq akademik institutlar, Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və digər beynəlxalq təşkilatlarlar üçün istinad mənbəyi kimi çıxış edən “Global Terrorism Index” hesabatları İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace – İEP) tərəfindən dövri olaraq açıqlanır.
Azərbaycanda yüksək təhlükəsizlik səviyyəsinə necə nail olunub?
Azərbaycanda belə təhlükəsizlik səviyyəsinə destruktiv qüvvələrin dini, etnik və digər zəminlərdə pozucu planlarından meşələrdə sığınacaqlar yaradılması cəhdlərinədək hər cür terror-təxribat həmlələrinin olduğu bir şəraitdə nail olunub.
Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda olsa da, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib.
Prezident İlham Əliyevin baxışı: Azərbaycan sabitlik adasıdır
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır”.