Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qətərin paytaxtı Dohada keçirilən İslam Əməkdaşlığı Təşkilatının Ərzaq Təhlükəsizliyi və Kənd Təsərrüfatının İnkişafı üzrə 9-cu Nazirlər Konfransında iştirak edib.
İnterpress.az nazirliyə istinadən xəbər verir ki, konfransda kənd yerlərinin inkişafının təşviqi, qida israfının qarşısının alınması, su ehtiyatlarının səmərəli idarə olunması, aqrar sahəyə investisiyaların artırılması, kənd təsərrüfatı sektorunda rəqəmsal transformasiyanın gücləndirilməsi və digər məsələlər müzakirə edilib.
Daha sonra nazir Dohada fəaliyyətə başlayan “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisinin açılışında iştirak edib. M.Məmmədov ilk öncə Heydər Əliyev Fondunun qurduğu Azərbaycan pavilyonu ilə tanış olub, daha sonra Türkiyə pavilyonunun açılışına qatılıb. Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ilə görüşən nazir qardaş ölkənin sərgidə iştirakını yüksək dəyərləndirib. M.Məmmədov daha sonra sərgidə fəaliyyət göstərən digər ölkələrin pavilyonları ilə tanış olub, sərgi iştirakçıları ilə fikir mübadiləsi aparıb.
“Discover Horticultural Expo 2023 Doha” gələn il martın 28-nə qədər davam edəcək. Sərgi Dohanın ən böyük parklarından biri olan Al Bidda Parkında təşkil olunub, “Yaşıl səhra, daha yaxşı ətraf mühit” devizi altında keçirilir.