Azərbaycan musiqisi – tariximizin, mədəniyyətimizin və kimliyimizin ən parlaq ifadə vasitələrindən biridir – Deputatbackend

Azərbaycan musiqisi – tariximizin, mədəniyyətimizin və kimliyimizin ən parlaq ifadə vasitələrindən biridir – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Musiqi yalnız əyləncə vasitəsi deyil, həm də bir xalqın tarixi, mədəniyyəti və düşüncə tərzini dünyaya çatdıran güclü bir dildir”.
 

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, Azərbaycan musiqisi isə bu baxımdan özünəməxsus yer tutur:

“Azərbaycan həqiqətən xoşbəxt bir ölkədir ki, onun musiqi mədəniyyəti həm muğam, həm aşıq musiqisi, həm xalq mahnıları və folklor baxımından o qədər zəngin bir xəzinəyə malikdir ki, bu, Azərbaycan musiqisinin simasını və kimliyini göstərir. Biz istər-istəməz qanımızda artıq bu musiqi ilə yoğrulmuşuq, onu səsləndirəndə milli kimliyimizi duyuruq. Bu, sanki möhür kimidir. Necə ki, doğulanda hansı milli mənsubiyyətə sahibiksə, musiqi dilimiz də milli mənsubiyyətimizi göstərir. Bizim şansımız budur ki, Üzeyir Hacıbəyli kimi dahi bir bəstəkar Azərbaycan musiqi mədəniyyətində yetişdi və əsrlər boyu paralel inkişaf edən Şərq və Qərb musiqisi, sanki iki paralel axan çay kimi, Üzeyir bəyin zamanında qovuşdu.

Üzeyir bəy təkbaşına yüz bəstəkarın gördüyü işi həyata keçirdi və Azərbaycana çoxlu beyinlər, tanınmış simalar, pianoçular dəvət etdi. Bütün ixtisaslar üzrə – simli alətlər, musiqi nəzəriyyəsi, bəstəkarlıq və s. mütəxəssisləri Bakıya dəvət edərək uzun illər dərs keçdilər, görkəmli bəstəkarlar nəsli yetişdi. Azərbaycan musiqisini dünya musiqisinə təqdim etdilər. Təəssüf ki, son illər biz milli dəyərlərimizi sistemli formada təqdim edə bilmədik. Pərakəndəlik yarandı. Halbuki əsl sənət özü-özünü qoruyub saxlayandır. Onu heç nə ilə məhv etmək mümkün deyil. Bu gün də Üzeyir Hacıbəylinin uverturası səslənən kimi hər şey unudulur, qəlbdə gözəl hisslər oyanır”.

Deputat bildirib ki, son illər Azərbaycan musiqisinin dünyada təbliğ edilməsi ilə bağlı həyata keçirilən işlərdən biri ölkəmizdə müxtəlif adlı və məzmunlu beynəlxalq musiqi festivallarının keçirilməsidir:

“Azərbaycan dövlətinin ciddi dəstək verdiyi bu festivallar artıq bir sıra nüfuzlu dövlətlərin tanınmış musiqiçilərinin diqqətini cəlb edir və onlar bu festivallarda iştirak edirlər. Respublikamızda ənənəvi olaraq Bakı Caz Festivalı, Qəbələ Musiqi Festivalı, “Muğam Dünyası” Beynəlxalq Musiqi Festivalı, “İpək yolu” Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Aşıq Festivalı, “Xarı Bülbül” festifalı keçirilir. Bu festivalların hər biri ənənəvi xarakter alıb və davamlı şəkildə keçirilir. Ölkəmizin ev sahibliyi ilə keçirilən bu festivalların hər birini yüksək qiymətləndirən musiqişünasların verdiyi məlumata görə, bu festivallar ölkəmizin musiqi mədəniyyətini dünyada təbliğ edir, tanıdır”.