Prezident İlham Əliyevin Özbəkistana növbəti dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin artıq “inkişaf edən tərəfdaşlıq” mərhələsindən “nəticə verən müttəfiqlik” mərhələsinə keçdiyini göstərən mühüm addımdır. Səfər Azərbaycan–Özbəkistan müttəfiqliyinin mövcud potensialının daha genişləndirilməsi və strateji tərəfdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi üçün mühüm siyasi imkan yaradır.

Azərbaycan və Özbəkistan arasında münasibətlərin əsas üstünlüyü onların ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə söykənməsidir. Son illərin əsas xüsusiyyəti isə məhz bu tarixi və mənəvi yaxınlığın konkret siyasi, iqtisadi və institusional mexanizmlərlə tamamlanmasıdır.
2024-cü ildə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə bu prosesin mühüm mərhələsi olub. Ali Dövlətlərarası Şuranın yaradılması isə iki ölkə arasında münasibətlərin strateji istiqamətlərinin sistemli şəkildə müəyyənləşdirilməsi üçün mühüm institusional platforma formalaşdırıb.
Daşkənddə keçirilən Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası bu müttəfiqliyin siyasi-institusional dayağını daha da möhkəmləndirdi. Liderlərin imzaladığı qərar və razılaşmalar münasibətləri protokol çərçivəsindən çıxarıb gündəlik iqtisadi, sosial və humanitar həyata daşıyır.
Səfərin ən mühüm nəticəsi Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Dövlətlərarası münasibətlərdə “əbədi” sözü təsadüfən seçilmir. Bu, yalnız bu günün siyasi konyunkturasına hesablanmış sənəd deyil. Bu, gələcək hakimiyyətlərə, gələcək nəsillərə və bütövlükdə regiona ünvanlanan strateji iradə bəyanatıdır.
Azərbaycan Prezidentinin səfərinin başqa bir əhəmiyyətli tərəfi Mərkəzi Asiya ilə Azərbaycan arasında siyasi əlaqələrin daha geniş regional platformaya çevrilməsidir. Özbəkistan Mərkəzi Asiyanın ən böyük və strateji əhəmiyyətli dövlətlərindən biridir.
Azərbaycan isə regionu Türkiyə və Avropa bazarlarına bağlayan əsas dövlətlərdən biridir. Ona görə Bakı-Daşkənd münasibətlərinin güclənməsi faktiki olaraq Cənubi Qafqazla Mərkəzi Asiyanın əlaqələndirilməsini sürətləndirir. Digər bir tərəfdən Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatına daxil olan və təşkilat ətrafında birləşən dövlətlərin coğrafiyas;nın iki mühüm dayaq nöqtəsidir.
Azərbaycan Türküstanı Türkiyə və Avropa ilə birləşdirən körpüdür. Özbəkistan isə Mərkəzi Asiyanın demoqrafik, tarixi və iqtisadi mərkəzlərindən biridir. Ona görə Azərbaycan–Özbəkistan ittifaqı Bakı ilə Daşkənd arasında qurulan sadə xətt deyil. Bu xətt Şərqlə Qərbi, Mərkəzi Asiya ilə Qafqazı, Türküstanla Anadolu coğrafiyasını birləşdirir.
Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq Türk dünyasının vahid iqtisadi və nəqliyyat məkanının formalaşdırılmasına, qarşılıqlı bağlılığın gücləndirilməsinə və beynəlxalq arenada ortaq maraqların daha fəal müdafiəsinə xidmət edir.
Beləliklə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin sadəcə növbəti diplomatik hadisəsi deyil, müttəfiqliyin praktiki nəticələrini daha da genişləndirəcək mühüm siyasi mərhələdir. Bu səfər Azərbaycan-Özbəkistan münasibətlərinin artıq “inkişaf edən tərəfdaşlıq” mərhələsindən “nəticə verən müttəfiqlik” mərhələsinə keçdiyini göstərən simvolik və praktiki sübutların toplandığı səfər kimi yadda qaldı.






