Azərbaycan xilasediciləri Qazaxıstanda beynəlxalq yarışda iştirak ediblərbackend

Azərbaycan xilasediciləri Qazaxıstanda beynəlxalq yarışda iştirak ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları sentyabrın 13-20-də Türk Dövlətləri Təşkilatının (TDT) “Fəlakətlərin idarə olunması, fövqəladə hallar və humanitar yardım” təşəbbüsü çərçivəsində Qazaxıstanın Almatı vilayətinin Kapşaqay şəhərinin Tamqali-tas bölgəsinin təlim-məşq poliqonunda təşkil olunmuş “Kazkutkaru-2023” beynəlxalq xilasetmə çoxnövçülük yarışında iştirak ediblər.

Bu barədə “İnterpress.az”a FHN-dən məlumat verilib.

Bildirilib ki, yarışlardan əvvəl iki günlük “Jer-2023” seysmik təlimi keçirilib. Təlimin əsas məqsədi mülki müdafiə qüvvələrinin zəlzələlər zamanı görüləcək tədbirlərə hazırlıq səviyyəsinin artırılması olub.

Yarışlarda 6 ölkəni təmsil edən 11 komanda iştirak edib. Komandalar təbii və texnogen xarakterli fövqəladə hallar zamanı bilik və bacarıqlarını, eləcə də insanlara tibbi yardımın göstərilməsi hazırlığını, radiasiya və kimyəvi təhlükədən qorunma, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, su hövzələrində axtarış-xilasetmə işlərinin aparılması, fövqəladə vəziyyət zonasında yanğın-xilasetmə işləri, həyat fəaliyyətinin təhlükəsizliyi üzrə keçirilmiş seminar-yarışlarda öz bacarıqlarını nümayiş etdiriblər.

Yarışlarda FHN-in komandası uğurla çıxış edərək kubok, fəxri fərman, diplom və hədiyyələrlə mükafatlandırılıb.

Bundan əlavə, FHN əməkdaşları tədbir çərçivəsində Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Almatı şəhərinin Fövqəladə Hallar Departamentinin qüvvə və vasitələri ilə yerində tanış olublar.

Qeyd edək ki, Qazaxıstan Respublikasının fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov FHN-in komandası ilə görüşüb və komandanın çıxışını yüksək qiymətləndirib.