Bu ilin yanvar-sentyabr aylarında vergi ödəyicisi olan aktiv kommersiya qurumlarının sayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,4 % artım qeydə alınıb.
Bu barədə İnterpress.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.
Məlumata görə, oktyabr ayının 1-nə kommersiya qurumlarının sayı 172 410 vahid təşkil edib.
Bu dövrdə respublika üzrə uçotda olan 1 milyon 489 min 737 vergi ödəyicisinin 87,3 %-i fiziki şəxs, 12,7 %-i hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 %, o cümlədən fiziki şəxslərin sayı 7 %, hüquqi şəxslərin sayı isə 9,2 % artıb.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,5 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,3 %-i səhmdar cəmiyyəti, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 33 793 vahid təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,5 % artım deməkdir.
2023-cü ilin 9 ayında 11 868 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,2 %-i yerli investisiyalı, 12,8 %-i isə xarici investisiyalı qurumlardır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,2 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,9 % təşkil edib. Yeni qeydiyyat üsulu ilə (FİN kod+mobil nömrə) 9 ayda 1 651 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.
Hesabat dövründə fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,9 %, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 22,5 % artıb.
Bu ilin oktyabr ayının 1-nə 22 004 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,3 % artıb.