Azərbaycanda onkoloji xəstəliklər üzrə dövlət büdcəsindən ayrılan vəsait beynəlxalq rəqəmlərlə müqayisədə 10 dəfə azdır. Ehtiyac olan məbləğ 500 milyon manatın üzərində olmalıdır.
İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
O bildirib ki, onkoloji xəstəlik üçün ayrılan vəsait bugünkündən ən azı iki dəfə çox olmalıdır.
“Beynəlxalq səviyyədə imicimizə mənfi təsir göstərən hadisə var və çox gözə batır. Bu, nadir görünən xəstəliklərlə mübarizədir. Hansı ki, bu genetik xəstəliklərindən hər bir ölkədə 10 milyonun içərisində 40-50 nəfər olur. Təəssüflər olsun ki, bunlar əvvəl dövlət proqramına salınmayıb. 3-5 xəstəlik var ki, onların dövlət hesabına müalicəsi problemi öz həllini gözləyir”.
R.Mahmudov eyni zamanda əhalidən tutulan icbari tibbi sığorta haqqının məbləğinin 1 % artırılmasını da təklif edib.