Azərbaycanda yaşayıb ölkəsinin gücünü, qüdrətini dərk edə bilməyən insanlar var. Bu insanlar hətta daha dəqiq deyim, Azərbaycanı “banan respublikası”, ya da “çadır” dövləti hesab edir.
Deməli, aprelin 22-də Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxıldı. Hadisədən dərhal sonra kütləvi şəkildə Qubad İbadoğlunun əslində ABŞ-ın təkidi ilə ev dustaqlığına buraxılması ilə bağlı iddialar yayıldı. Bəli, sanki Azərbaycan ABŞ-ın bir ştatı, ya da Panama kimi forpost ölkədir, bir şəxsə görə təzyiq edir. Bu da azmış kimi iddia edilirdi ki, ABŞ və Avropa Azərbaycanı sanksiya ilə hədələyib.
Həqiqətən, bu iddialar ikrah hissi yaradır və real görünmür.
Birincisi, Q.İbadoğlu məsələsi haqda əkəsiyyət məlumatlıdır. Hətta prosesi səthi izləyənlər belə bunun gerçək səbəblərini bilməmiş deyillər. Onun ev dustaqlığına buraxılması ilə bağlı prosedur isə artıq bir aydan çoxdur ki aidiyyəti orqanlar tərəfindən nəzərdən keçirilirdi. Yəni indiki məqamda belə bir qərarın verilməsi təbiidir.
İkincisi, Qərbin Qubad İbadoğluya görə Azərbaycanı sanksiyalar ilə hədələməsi ciddilikdən və reallıqdan uzaq iddiadır. Bu iddianın müəllifləri siyasi prosesləri ya bilmir, ya da savadsız, eləcə də qərəzli şəkildə şərh edirlər.
Sadə dillə desək, Azərbaycan İranla qonşudur, İsraillə strateji tərəfdaş olan tək müsəlman ölkədir, NATO üzvü Türkiyənin rəsmi səviyyədə müttəfiqidir, NATO-nun sülhməramlı tərəfdaşlıq proqramının ən aktiv üzvüdür, ordusunu NATO standartlarında yeniləyir, Ukrayna ərazilərin işğalını tanımır və ən əsası, Avropanın etibarlı enerji təminatçısıdır. Bütün bu reallıqları nəzərə aldıqda ABŞ və Qərbin bir şəxsə görə Azərbaycana sanksiya tətbiq etməsi reallığa uyğun deyil.
Üçüncüsü, ABŞ Azərbaycana sanksiya tətbiq etmək istəsə belə, bu, o qədər asan bir proses deyil.
Belə ki, sözügedən təşəbbüsə əvvəlcə Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində baxılmalı, təsdiqləndiyi halda Nümayəndələr Palatasında səsverməyə çıxarılmalı, buradan da keçdiyi halda Senatın Xarici İşlər Komitəsində baxılmalıdır. Təşəbbüs məhz bundan sonra Senatda səsverməyə çıxarılmalı, qəbul edilməsi halında ABŞ prezidentinin imzasına verilməlidir. Yəni bu proses çox uzun bir bürokratiya tələb edir. Bütün instansiyalardan keçməsi isə çətindir. Təcrübə göstərir ki, ABŞ-da yalnız strateji və milli maraqları ehtiva edən təkliflər qəbul edilir.
Dördüncüsü, bu, “müxalifətin” hakimiyyəti gücsüz göstərmək üçün uydurduğu yalan, uğursuz və böhtançı təbliğat tezisidir. Həmin “müxalifət” ki, vaxtilə torpaqların işğaldan azad ediləcəyinə, Rusiya sülhməramlılarının Azərbaycanı tərk edəcəyinə, Qazaxın 4 kəndinin bir güllə belə atılmadan nəzarətimizə keçməyəcəyinə inanmırdı. Yəni bütün bu inamsızlıq fonunda Qubad İbadoğlunun Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılmasına inanmamaları başa düşüləndir.
Amma başa düşülməyən şey “müxalifətin” bu iddiaları məhz 24 aprel qondarma “erməni soyqırımı”nın ildönümü ərəfəsində irəli sürməsidir. Görünür, bəzi xəyanətkarlar, satqınlar, erməni pulu ilə ölkəmizə qarşı mirzəlik edirlər, öz ölkəsinin gücünü, qüdrətini qəbul etməyib, yalana, böhtana əl atırlar.
Politoloq Turan Rzayev