Teatr tamaşasını izləmək üçün dostlarla birgə yola çıxdıq. “M.Teatr”ın binasına daxil olan kimi öncə bizi rəngarəng kitablar qarşıladı. Kitabın xüsusi qoxusu, divardakı maraqlı yazılar, hər addımbaşı məşhur incəsənət adamlarının asılmış şəkilləri hər bizimizdə xoş təəssürat yaratdı. Zala daxil olduq və həyəcanla mərhum yazıçı Rövşən Ağayevin “Bir gecənin nağılı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın başlanmasını gözlədik.
Nəhayət, işıq söndürüldü və tamaşa başladı. Gənc aktrisa qəfil zala daxil oldu və o, səhnənin gah o başına, gah da bu başına gedib gəldi. Elə ilk dəfə izlədiyimiz tamaşada nə baş verdiyini əvvəlcə başa düşmədik. Daha sonra gənc oğlanın səhnəyə daxil olması ilə daşlar yerinə oturdu. Açığı deyim, əsər haqqında heç bir məlumat toplamamış və mövzumun eşq haqqında olduğunu belə yenicə anlamağa başlamışdım.
Həyatı boyunca ailə təzyiqi ucbatından eşqin, məhəbbətin nə olduğunu dərk etməyən, əsl sevgini heç dadmamış iki gəncin yolları kəsişir. Qızın cəsarəti qarşısında qorxaqlıq göstərən oğlan “mənimlə evlən” cümləsini eşidəndə ağlına ilk anası gəlir. O, daim ailə təzyiqinə məruz qalmış, heç vaxt özünün hər hansı bir arzusunu istədiyi kimi yerinə yetirməyə nail olmamış, valideyn ağzından çıxan hər kəlməyə “baş üstə” deyərək öz xəyallarını görməzdən gəlmişdi. Azad deyildi, qorxurdu, qaçırdı. Öz istəyindən, məqsədindən qaçırdı, hər şeyi bir kənara itələyib anasının onun üçün arzuladığı həyatı yaşayırdı.
Qız isə oğlanın tam əksinə taleyinə göz yummağa razı olmurdu. Ailəsinin onun üçün hazırladığı həyatı rədd edir, öz azadlığının arxasınca qaçırdı. Sevginin necə ali bir hiss olduğunun sübutu oldu bu əsər bizim üçün. Tamaşa iki gəncin sevginin köməyi ilə bir-birlərini necə sağaltdığını, mənəvi cəhətdən necə gücləndirdiyini tam gücü ilə əks etdirdi.
Tamaşa boyu həm güldük, həm ağladıq, həm təəccübləndik, həm nə hisslər keçirəcəyimizi bilmədik. İşıq yandı və hər kəs aktyorları alqışlamağa başladı. Kiminsə üzündə təbəssüm yaranmış, kiminsə isə gözləri dolmuşdu. O zalda o an hər kəs müxtəlif hisslər keçirirdi desək, heç də yanılmarıq. Amma bircə əminlik vermək olar ki, tamaşanın sonunda gənclərin qovuşması çoxunun ürəyindən oldu,
Axır ki, hər ikisi göyün guruldamağını, şimşəyin çaxmağını müşahidə etdi. “Bir gecənin nağılı” iki sevən gənc üçün xoşbəxt sonluqla yekunlaşdı.
Aynur Əlixan
İnterpress.az