Qazaxıstanın iyul ayında neft ixracı yenidən rekord səviyyəyə yaxınlaşacaq və ya onu keçəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Nəşr yazır ki, təchizatla məşğul olan dörd treyderin hesablamalarına görə, iyulda Rusiyanın Qara dənizdəki Novorossiysk limanından ümumi neft ixracı sutkada 1,65 milyon və 1,75 milyon barel arasında ola bilər.
Bu, OPEC+ daxilində gərginliyi artıra bilər, çünki Astana müəyyən edilmiş kvotaları pozmaq riski daşıyır. Bu vəziyyət alyansın qlobal neft bazarına nəzarət etmək qabiliyyətini sual altına qoyur.
Məqalədə vurğulanır ki, Qazaxıstan əvvəllər müəyyən edilmiş kvotaları keçib və bu, alyansın gücünün əsas sınağına çevrilib.
Xatırladaq ki, OPEC+ Neft İxrac edən Ölkələr Təşkilatından və üzv olmayan digər neft hasil edən ölkələrdən ibarət genişləndirilmiş formatdır. Əsas məqsəd qiymətləri və xammalın istehsalı üçün kvotaları razılaşdırmaqdır.
Üzv ölkələr: Əlcəzair, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Konqo Respublikası, Səudiyyə Ərəbistanı, BƏƏ, Venesuela, Azərbaycan, Bəhreyn, Bruney, Braziliya, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya Federasiyası, Cənubi Sudan və Sudan.
Xuraman Etibarlı
İnterpress.az