Birləşmiş Millətlər Təşkilatı (BMT) sentyabrın 10-da Liviyanın şərqində baş verən sel fəlakəti nəticəsində 4 min 255 nəfərin həyatını itirdiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) daşqın fəlakətinin baş verdiyi Liviya ilə bağlı yeni hesabat dərc edib. Məlumata görə, yerli hakimiyyət orqanları, BMT və digər yardım təşkilatlarının birgə səyləri nəticəsində təbii fəlakətdən sonra ilk iki həftə ərzində 125 mindən çox insana çatmaq mümkün olub.
250 min insan daşqından zərər çəkmiş, 40 min insan ölkə daxilində didərgin düşmüş, 4 min 255 nəfər həyatını itirmişdir. Yardım qrupları 452 nəfəri xilas etdi, 8 min 540 nəfər isə hələ də itkindir.
Humanitar yardım təşkilatları məktəblərin tezliklə açılması və zədələnmiş ərazilərin təmiri və təmizlənməsi səylərini dəstəkləyib. Fəlakətdən zərər çəkənlərin təhlükəsiz içməli suya, psixoloji dəstəyə və xroniki xəstəliklərin müalicəsi üçün dərmanlara çıxış imkanları artır.
Mərkəzi Aralıq dənizində təsirli olan “Daniel fırtınası” sentyabrın 10-da Liviyanın şərqindəki Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.