Birləşmiş Millətlər Təşkilatının (BMT) 18-19 sentyabr 2023-cü ildə baş tutan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) bəyanatı təqdim edilib.
İnterpress.az xəbər verir ki, bəyanatda BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin icrasına maneə törədən bir sıra çətinliklər və onların aradan qaldırılması üçün nəzərə alınmalı vacib məqamlarla yanaşı, gənc nəsillərin bu cür qlobal əhəmiyyətli məsələlərdə fəal iştirakı üçün əlverişli mühitin yaradılması istiqamətində təkliflər öz əksini tapıb. Həmçinin, iqlim dəyişikliyi, hava çirklənməsi və biomüxtəlifliyin itirilməsi proseslərini əhatə edən üçlü planet böhranının yaratdığı çoxşaxəli problemlərin həllində dövlətlərin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, eləcə də özəl sektorun təcrübə mübadiləsi və iqtisadi resursların səfərbər edilməsində güclü əməkdaşlığının zəruriliyi vurğulanıb.
Qeyd edək ki, Qoşulmama Hərəkatı (QH) Gənclər Şəbəkəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi QH Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə ilk dəfə keçirilən QH Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə 46 Milli Bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri arasında beynəlxalq dialoqa təkan verir.