“Böyük Qayıdış” Gənclər Təşkilatının I hesabat konfransı keçirilib – FOTObackend

“Böyük Qayıdış” Gənclər Təşkilatının I hesabat konfransı keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

27 dekabr 2021-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində “Böyük Qayıdış” Gənclər Təşkilatının fəaliyyətinə dair I hesabat konfransı keçirilib.

Konfransdan öncə “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri və təşkilatın aktiv könüllüləri I Fəxri Xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, tərəfdaş qurumların nümayəndələri, aparıcı gənclər təşkilatlarının rəhbərləri, media mənsubları, Vətən müharibəsi qaziləri və təşkilatın aktiv üzvləri iştirak ediblər.

“Böyük Qayıdış” Gənclər Təşkilatının illik fəaliyyətini əks etdirən hesabat videoçarxı nümayiş olunduqdan sonra təşkilatın icraçı direktoru Nail Şükürov ötən bir il ərzində tərəfdaş qurumların dəstəyi ilə həyata keçirilən proqram və layihələr haqqında hesabatı təqdim edib. O, bildirib ki, təşkilat tərəfindən hesabat dövrü ərzində 70-dən çox layihə icra edilib ki, bu layihələrdən 35-i irimiqyaslı-kütləvi tədbirlər, 9-u silsilə tədbirlər olub. Paytaxtla yanaşı regionlarda da aktiv fəaliyyət nəticəsində təşkilatın fəaliyyəti ölkə üzrə 44 regionu əhatə edib, ümumilikdə 6800-dən çox gənc həyata keçirilən layihələrdən faydalanıb. Qeyd olunub ki, post-müharibə dövrünü əhatə edən illik fəaliyyətdə Vətən müharibəsinin iştirakçıları, gənc qazilər və şəhid övladları xüsusi diqqətdə saxlanılıb.

Çıxışdan sonra il ərzində təşkilatın fəaliyyətində aktiv iştirakına görə fərqlənən üzv gənclər, könüllülər və koordinatorlar, eləcə də təşkilat tərəfindən həyata keçirilən layihələrin icrasında dəstək göstərmiş tərəfdaş qurumlar və şəxslər təltif olunublar. Həmçinin təşkilatın İdarə Heyətinin qərarı ilə “Fəxri üzv” sertifikatları sahiblərinə – ən gənc “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş Vüsal Yaqubova və Azər Abdullazadəyə təqdim edilib.

Konfransın yekununda Qarabağ gəncləri tərəfindən bədii hissə təqdim olunub, Qarabağ musiqi mədəniyyətinin nümunələri ifa edilib.

Qeyd edək ki, “Böyük Qayıdış” Gənclər Təşkilatı 28 dekabr 2020-ci il tarixindən müharibədən sonrakı dövrdə işğaldan azad olunmuş torpaqların dirçəldilməsi prosesində gənclərin səfərbər edilməsi, şanlı zəfər tarixinin gənclər arasında təbliğ edilməsi, Vətən müharibəsi qəhrəmanlarının, şəhid və qazilərinin cəmiyyətdə tanıdılması, işğalın fəsadlarının, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması, həmçinin Vətən müharibəsində iştirak edən gənclərin maraqlarının dəstəklənməsi məqsədilə fəaliyyətə başlayıb.