Böyük zəfərin başlanğıcından 5 il keçirbackend

Böyük zəfərin başlanğıcından 5 il keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bu gün şanlı Aprel döyüşlərindən 5 il ötür.

2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb.

Füzuli, Cəbrayıl və keçmiş Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib.

Bu, Azərbaycan Ordusunun tilsimi qırması, hərb meydanında Ermənistanı geri oturdan və əraziləri işğaldan azad edən uğurlu əməliyyatı idi.

Ermənistanın buvaxtadək mifik “Ohanyan müdafiə xətti” müzəffər ordumuz tərəfindən cəmi 20 dəqiqəyə yarılmışdı.

Azərbaycan Aprel müharibəsində ən müasir silahlardan da istifadə etmişdi, bu isə Ermənistanı əməlli-başlı qorxudurdu.

Azərbaycan ordusu Aprel döyüşlərində Lələtəpə yüksəkliyini, Talış yüksəkliyini və digər bir sıra mühüm strateji yüksəklikləri işğaldan azad etmişdi.

Geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin işğaldan təmizlənməsi Cəbrayılın Cocuq Mərcanlı qəsəbəsinin və Füzulinin Horadiz şəhərinin təhlükəsizliyini təmin edib.

Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dan çox tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 1000-dən artıq döyüşçüsü yaralanıb.

Döyüşlərdən sonra bir sıra yolların – Goranboyun Gülüstan kəndi, Tərtərin Suqovuşan (həmin zamanlar Madagiz adlanırdı) üzərindəki yolların nəzarətdə saxlanılması təmin edilib.

Əməliyyatlar aprelin 5-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəislərinin Moskva razılaşmasına əsasən dayandırılıb.

Aprel döyüşləri Ermənistan üçün acı məğlubiyyət idi, məhz çətin və çıxılmaz duruma düşdüyünü görən Ermənistan hərbi-siyasi rəhbərliyi əməliyyatların dayandırılması üçün Moskvaya ağız açmışdılar.

Aprel döyüşlərindən sonra Ermənistan hərbi-siyasi rəhbərliyində dərin çatlar əmələ gəldi, istefa-istefaya calandı.

Aprel döyüşləri Azərbaycan üçün böyük zəfərin başlanğıcı idi. Dördgünlük müharibə Vətən müharibəsində yerdə qalan torpaqların işğaldan azad edilməsində həlledici paya sahibdir.

 

 

İnterpress.az