Moskva yaxınlığında balıq tutarkən itkin düşən “Briqada” ulduzu Aleksandr Vısokovskinin meyiti tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Rusiyanın əfsanəvi “Briqada” serialında “Maks” (baş qəhrəmanların əsas düşmənlərindən biri) rolunu canlandıran 62 yaşlı tanınmış aktyor Aleksandr Vısokovskinin meyiti tapılıb.
Aktyorun cəsədi xüsusi dalğıclar tərəfindən Oka çayından çıxarılıb.
Məlumata görə, sənətçi hadisədən bir gün əvvəl oğlu ilə birlikdə Puşşin qum dili adlanan ərazidə balıq ovunda olub. Gəzinti zamanı o, çay sahili boyunca daha uzaq məsafəyə gedib və geri qayıtmayıb.
Aktyorun həyat yoldaşı onun yoxa çıxması ilə bağlı sosial şəbəkələrdə müraciət edərək kömək istəyib. Bunun ardınca Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə və axtarış qrupları, həmçinin çoxsaylı könüllülər ərazidə genişmiqyaslı axtarış tədbirlərinə başlayıblar.
Təəssüf ki, axtarışların sonunda dalğıclar aktyorun cansız bədənini sürətli axınların olduğu çay yatağından çıxarmaq məcburiyyətində qalıblar.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən rəsmi təhqiqat aparılır, ölümün dəqiq səbəbini müəyyən etmək məqsədilə tibbi ekspertiza təyin edilib.
***
17:19
Məşhur “Briqada” serialının aktyoru Aleksandr Vısokovski Moskva yaxınlığında balıq tutarkən itkin düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın əfsanəvi “Briqada” serialında baş qəhrəmanların əsas düşmənlərindən biri olan “Maks” obrazını canlandıran 62 yaşlı tanınmış aktyor Aleksandr Vısokovski Moskva vilayətində Oka çayında balıq tutarkən müəmmalı şəkildə itkin düşüb.
Verilən məlumata görə, aktyor oğlu ilə birlikdə Puşşin qum dili adlanan ərazidə balıq ovunda olub. Sənətçinin həyat yoldaşının verdiyi açıqlamaya görə, o, çayın axınının qəfildən sürətləndiyi təhlükəli zonada yoxa çıxıb.
Aktyorun həyat yoldaşı sosial şəbəkələrdə kömək istəyərək su hövzəsində axtarış işlərinə könüllülərin cəlb olunmasını xahiş edib.
Hadisə yerinə dərhal Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə və axtarış qrupları, xüsusi dalğıclar və asayiş keşikçiləri cəlb olunublar.
Güclü sualtı axınların olduğu çay yatağı boyunca axtarışlar aparılır.
Hazırda çay sahilində və suyun altında genişmiqyaslı axtarış-xilasetmə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Xuraman Etibarlı
İnterpress.az






