Məşhur aktyor Kerem Bürsin adı ilə rusiyalı qadından 69 min manat qoparan Nigeriya vətəndaşı həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın Krasnodar diyarında (Kuban) qeyri-adi və səs-küylü internet fırıldaqçılığının üstü açılıb. Yerli sakin olan qadın sosial şəbəkələrdə məşhur “Sen Çal Kapımı” türk serialının ulduzu Kerem Bürsin ilə yazışdığına inanaraq dələduza 3 milyon rubldan (təxminən 69 132 manat) çox vəsait köçürüb.
Sonradan müəyyən edilib ki, özünü aylarla məşhur aktyor kimi təqdim edən şəxs əslində Nigeriya vətəndaşıdır. O, rusiyalı qadını aldadaraq guya Rusiyaya rəsmi səfərini və onunla görüşünü təşkil etmək bəhanəsi ilə külli miqdarda vəsaiti ələ keçirib.
Məhkəmənin qərarı ilə Nigeriya vətəndaşı olan fırıldaqçı dələduzluq maddəsi ilə təqsirli bilinərək 3,5 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilib.
Məhkəmə həmçinin onun üzərinə zərərçəkmiş qadına dəymiş bütün maddi ziyanı tam şəkildə geri ödəmək öhdəliyi qoyub.
Xuraman Etibarlı
İnterpress.az






