Sankt-Peterburqda “Petrolesport” limanında dondurulmuş tuna balıqlarının daxilindən yarım ton kokain tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Sankt-Peterburq limanındakı “Petrolesport” terminalında Latın Amerikasından (Ekvadordan) gələn konteynerdə dondurulmuş və təmizlənməmiş tuna balıqlarının daxilində gizlədilmiş 500 kq kokain aşkarlayaraq müsadirə edib.
Narkotik qaçaqmalçılığı ilə məşğul olan beynəlxalq cinayətkar qruplaşmanın əsas təşkilatçılarından biri – rəsmən işsiz olan Rusiya vətəndaşı xüsusi əməliyyatla saxlanılıb.
Keçirilən axtarışlar zamanı şübhəlinin evindən ümumi dəyəri təxminən 130 milyon rubl (təxminən 2 995 720 manat) olan 5 ədəd lüks premium-klass avtomobil, ümumi dəyəri 1,3 milyon dollar (təxminən 2 210 000 manat) təşkil edən 13 ədəd qiymətli İsveçrə qol saatı və daxilində 613 min dollar (təxminən 1 042 100 manat) aktiv olan kriptovalyuta cüzdanları aşkarlanaraq həbs edilib.
FSB rəsmilərinin verdiyi məlumata görə, bu cinayətkar qrup Latın Amerikasından Rusiyaya dəniz konteyner daşımaları vasitəsilə irimiqyaslı narkotik qaçaqmalçılığı kanalı qurubmuş. Müsadirə edilən narkotik maddənin qara bazarda dəyərinin milyardlarla rubl olduğu bildirilir.
Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən “külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı” maddələri ilə cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda bu narkotransport kanalının digər beynəlxalq əlaqələrinin ifşası istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






