“Bu halda Qarabağda suverenliyimizə nail olmaq daha da çətinləşəcək”backend

“Bu halda Qarabağda suverenliyimizə nail olmaq daha da çətinləşəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır”.

İnterpress.az xəbər verir ki, bunu   Nikol Paşinyanın iki saat davam edən canlı efirdə Azərbaycanla bağlı səsləndirdiyi fikirləri dəyərləndirən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Partiya sədri qeyd edib ki, Paşinyanın səsləndirdiyi fikirlər onun Azərbaycanın şərtləri ilə hələ də razılaşmadığını göstərir:

“Paşinyan çıxışı zamanı  “Qarabağ Ermənistandır”,  “Azərbaycanın Naxçıvanla hansı yollarla əlaqəsi olacağına Ermənistan qərar verir, biz qərar veririk, yalnız biz”, “Biz Azərbaycanın aqressivliyindən ona qarşı istifadə etməliyik, “ “Azərbaycan bölgəni cəngəlliyə çevirmək istəyir”, “ “Ümumiyyətlə, “Şərqi Zəngəzur”, “Zəngəzur dəhlizi” ifadəsi və ya “dəhliz məntiqi” nə deməkdir? Biz buna getməyəcəyik”, “Məgər Dağlıq Qarabağ  ərazi məsələsidir? Bizim başa düşdüyümüzə görə bu, ərazi məsələsi deyil. Dağlıq Qarabağ  məsələsi hüquq məsələsidir və ərazi ilə heç bir əlaqəsi yoxdur” kimi fikirlər səsləndirib. Bununla da Azərbaycanı bir çox məsələlərdə ittiham edib.

Paşinyanın  belə mövqe ilə danışıqlara getməsi o deməkdir ki, Soçi və Brüssel görüşündən hər hansı bir nəticə gözləməyə dəymir. Əslində biz belə təxribatlara həmişə hazır olmalıyıq. 100 illik millətçiliyinin qurbanı olan Ermənistan xalqı da belə çıxışlara qarşı mövqe qoymalıdır, 30 ildən sonra məğlub  Ermənistanda yenidən ifrat millətçiliyin yaranması bu dövləti daha da zəiflədəcək.

Azərbaycan olaraq ilk növbədə 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının tələblərinin yerinə yetirilməsinə çalışmalıyıq.  Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Məcburi köçkünlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti ilə Dağlıq Qarabağa qayıtmalıdır. Laçın dəhlizi üzrə sərhədə nəzarət məsələsi həll olunmalıdır. Bizim üçün həlli vacib olan  ən başlıca vəzifə Dağlıq Qarabağın Azərbaycanın de-fakto idarəçiliyinə verilməsinin  Zəngəzurdan önə çıxarılmasıdır. Əks təqdirdə  Qarabağda suverenliyimizə nail olmaq daha da çətinləşəcək”.

Gülşən