“Çingiz Abdullayev adlı Azərbaycan yazıçısı tanımıram – Səhidlərimizin ruhunu aşağıladı…”backend

“Çingiz Abdullayev adlı Azərbaycan yazıçısı tanımıram – Səhidlərimizin ruhunu aşağıladı…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çingiz Abdullayev adında Azərbaycan(!) yazıçısı tanımamışam, əsərlərini də oxumamışam, tanış da deyiləm və artıq  bundan sonra tanımaq da istəmirəm.  Mən Azərbaycanda Çingiz adını eşidəndə dərhal gözümün önünə rəhmətlik şəhid Milli Qəhrəman, telejurnalist Çingiz Mustafayev gəlir… Allah Çingizə də, bütün şəhidlərimizə də rəhmət eləsin! O cümlədən 1-ci Qarabağ, Aprel döyüşləri və 44 günlük 2-ci Qarabağ savaşının şəhidlərinə!.. Amma özünü xalq yazıçısı hesab edən bu Çingiz 1-ci Qarabağ savaşı haqda son açıqlamasıyla şəhidlərimizin ruhunu aşağıladı, təhqir etdi…”.

, bunu tanınmış Qarabağ qazisi, keçmiş tabor komandiri, istefada olan polkovnik Azay Kərimov yazıçı Çingiz Abdullayevin “Birinci Qarabağ Müharibəsi olmayıb, yalandır…” fikrinə münasibət bildirərkən söyləyib.

“Eşitdiyimə görə özü də Ağdamdandır. Görəsən, 1-ci Qarabağ savaşında, yəni 1988-1994-cü illərdə Ağdam 6 minə yaxın şəhid verəndə bu “xalq yazıçısı” harada idi?  Xocalıda 600-dən çox qadınımız, qız-gəlinimiz, uşağımız, qocamız amansızlıqla qətlə yetiriləndə, minlərlə soydaşımız, ana-bacılarımız əsir düşəndə,  Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan rayonları hər biri yüzlərlə şəhid verəndə bu Abdullayev Çingiz nə ilə məşğul idi?..

Amma düz deyir ki, o zaman düzgün nizami ordu qurulmamışdı, vahid komandanlıq yox idi. Fəqət, buna rəğmən igid  oğullarımız, qızlarımız bacardıqları qədər qeyrətlə döyüşürdü.  Təbii ki, bu yazıçı sayılan şəxsin 1-ci Qarabağ müharibəsi haqda belə ifadələr işlətməsi  o dövrün şəhid milli qəhrəmanlarının: Əliyar Əliyevin,  Şirin Mirzəyevin, Ramiz Qənbərovun, Rövşən Cavadov başda olmaqla bütün şəhid “omon”çuların və s. bütün şəhidlərimizin ruhuna təhqirdir. Eləcə də  1-ci Qarabağ müharibəsinin  sağ qalan bütün qazilərini də aşağılamaqdır.  Bəli o vaxt dövlətimiz yenicə qurulurdu, düzgün nizami ordu yox idi. Amma onu bilirəm ki, əgər o dövrdə, 1-ci Qarabağ savaşında İlham Əliyev kimi bir Ali Baş Komandanımız olsaydı, hazırkı kimi texnikamız, silahımız olsaydı,  biz, yəqin ki, öz gücümüzə bir qarış torpağımızın da işğalına imkan verməzdik…”- deyə keçmiş kəşfiyyatçı polkovnik vurğulayıb.

Xatırladaq ki, tanınmış dedektiv yazıçısı Çingiz Abdullayev ötən gün Sumqayıtda oxucuları ilə görüşündə xahiş edib ki, “Birinci Qarabağ Müharibəsi” ifadəsini işlətməməsinlər:

“Birinci Qarabağ Müharibəsi olmayıb. Bu müharibə olmayıb, yalandır. Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi. Əsl müharibə indi olub. 44 günlük müharibə ki, bizim müstəqil ordumuz olub, komandiri olub”.