Erməni hərbi əsirləri ilə necə davranmalıdır? – “Onlara işgəncə tətbiqi…“backend

Erməni hərbi əsirləri ilə necə davranmalıdır? – “Onlara işgəncə tətbiqi…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan-Azərbaycan sərhədində baş verən son toqquşmalar zamanı əsir götürülən düşmən hərbiçiləri ilə bağlı sosial şəbəklərdə yayılan görüntülər birmənalı qarşılanmayıb. Düşmənin həmin görüntülərdən Azərbaycanın  əleyhinə istifadə etməsi ehtimal olunur. Buna görə də, 44 günlük müharibədə olduğu kimi, Azərbaycan əsgərinin hərbi əsirlərlə necə davranılması mövzusu gündəmə gəlib.

Yenisabah.az-a açıqlama verən Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, hərbi əsirlərlə rəftar humanitar hüququn əsas məsələlərindən biridir.

“Hərbi əsirlərlə bağlı müəyyən konvensiyalar var. Bu konvensiyalara əsasən, hərbi əsirlərin şərəf və ləyaqətini heç bir halda təhqir etmək olmaz. Onlara işgəncə tətbiqi yolverilməzdir.

Ümumiyyətlə, pis rəftar və işgəncə hüququ mütləq hüquqdur. Şəxsin hansı cinayəti törətməsindən asılı olmayaraq, bütün hallarda, əgər şəxs müvafiq qurumlar tərəfindən həbs edilibsə, əsir götürülübsə, həmin şəxsə hansısa pis rəftar sərgilənə bilməz. Bu, Azərbaycanın milli qanunvericiliyində də qadağan edilib və bununla bağlı cinayət məsuliyyəti yaradan normalar var. Belə bir hərəkəti törədənə uzun müddətli azadlığdan məhrum etmə cəzası verilir, eyni zamanda, bu normaları beynəlxalq hüququn tələbləri dəstəkləyir. Yəni bu hal cinayət məsuliyyət yaradır”, – deyə Əliməmməd Nuriyev qeyd edib.

Onun sözlərinə görə, hərbi əsirlərin ləyaqəti müdafiə olunmalıdır:

“Amma əlbəttə, hərbi əsirlər törətdikləri əmələ görə cinayət məsuliyətinə cəlb olunurlar, məhkəmə qarşısında cavab verirlər.

Azərbaycan ərazisinin işğal edilməsi ilə bağlı cinayət işi qaldırılıb. Bununla bərabər, Azərbaycan ərazisinə qanunsuz yolla keçməklə bağlı cinayət işi açılıb. Bəziləri barədə hətta məhkəmə qərarı da vardır.

Sərhəddə bu günlərdə baş verən təcavüzlə bağlı Baş Prokurorluq cinayət işi qaldırıb”.

Fond prezidenti sonda qeyd edib:

“Hərbi əsirlərlə davranış xüsusi humanitar  hüquqla mühafizə olunur. Heç bir əsirə qarşı belə bir hal heç bir tərəfdən baş verməməlidir”.

Ayzel

Erməni hərbi əsirləri ilə necə davranmalıdır?  - “Onlara işgəncə tətbiqi...“