Ermənistan MSK qanun pozuntularına görə iki seçki məntəqəsində nəticələri ləğv edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən parlament seçkiləri zamanı qeydə alınan ciddi qanun pozuntularına görə iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib.
Rəsmi məlumata görə, müvafiq qərarlar 10/51 və 35/65 saylı seçki məntəqələrini əhatə edir.
Məlum olub ki, 10/51 saylı məntəqə səsvermə başa çatdıqdan sonra qanunla müəyyən edilmiş vaxtda qapanmayıb və vətəndaşların sərbəst şəkildə içəri daxil olmasına şərait yaradılıb.
Digər – 35/65 saylı seçki məntəqəsində isə səsvermə bitdikdən sonra məntəqənin daxilində hərbi qulluqçuların olduğu aşkarlanıb ki, bu da seçki qanunvericiliyinin kobud şəkildə pozulması hesab olunur.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib və ilkin rəsmi nəticələrə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Saziş” partiyası qalib gəlib.
Lakin müxalifət blokları və bir sıra yerli müşahidəçilər seçki günü müxtəlif məntəqələrdə qanunsuzluqların baş verdiyini iddia edərək MSK-ya şikayətlər ünvanlayıblar.
Mərkəzi Seçki Komissiyası digər müraciətlər üzrə də araşdırmaların davam etdiyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az






