Qaqik Tsarukyanın mülkündən atların müsadirə edilməsi təxirə salınıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Ermənistanın müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri, iş adamı Qaqik Tsarukyana məxsus atların müsadirə edilməsi prosesi təxirə salınıb. Hazırda onun malikanəsində 11 cins at və bir poni qalmaqdadır.
Vəkillər müstəntiqin heyvanların müsadirəsi barədə qərarından məhkəməyə şikayət veriblər.
Hüquqşünasların sözlərinə görə, atlar ev heyvanlarıdır və heç bir cinayət işinin obyekti ola bilməz.
Həmçinin bildirilir ki, xüsusi qulluq tələb edən cins heyvanların öyrəşdikləri mühitdən daşınması onların sağlamlığına ciddi zərər vura bilər.
Qeyd edək ki, Qaqik Tsarukyan dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilib.
Bir neçə gün əvvəl onun mülkündən üç şir və bir pələng müsadirə edilərək İrəvan Zooparkına təhvil verilsə də, daşınma zamanı şirlərdən biri tələf olub.
Xuraman Etibarlı
İnterpress.аz






