Ermənistandan Rusiyaya növbəti zərbə: Paşinyan “oturduğu budağı kəsir”backend

Ermənistandan Rusiyaya növbəti zərbə: Paşinyan “oturduğu budağı kəsir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini ləğv etməyə çalışır. Bu barədə “Hraparak” nəşri yazıb.

Bildirilib ki, bir neçə ay əvvəl Nikol Paşinyan partiyadaşlarının məhdud çevrəsinə kommunikasiyaların açılması prosesini müəyyən edən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini ləğv edəcəklərini bəyan edib.
Paşinyanın uzun müddətdir ki, buna eyham vurduğunu xatırladan qəzet, 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı hökumət başçısının bunu açıq dilə gətirdiyini yazır.

“Hazırda biz Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmənin yaradılması prosesindəyik, onun məqsədi kommunikasiyaların təhlükəsizliyini təmin etmək olacaq. Bundan əlavə, biz bütün ölkə üzrə patrul polisini işə salmışıq, onun ən mühüm vəzifələrinə insanların, yüklərin, malların və nəqliyyat vasitələrinin kommunikasiyalardan keçidi daxildir”, – Paşinyan qeyd edib.
Məlum olduğu kimi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, Azərbaycanın qalan əraziləri ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına Ermənistan ərazisində Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməli idi.

N. Paşinyanın bu addımı Rusiya ilə münasibətlərin gərginləşməsi istiqamətində növbəti həmlə olacaq. Görünür, rəsmi İrəvan tamamilə Rusiyanın “caynağından çıxmaq istəyir”.

Kommunikasiyalara Rusiyanın nəzarət etməsi həm də Ermənistana potensial təzyiq vasitəsidir. Ermənistan bundan imtina etməklə həmin təzyiqin qarşısını almaq niyyətindədir.

İkinci bir tərəfdən, Ermənistan onsuz da üçtərəfli sənədlərin bir çox maddəsini yerinə yetirmirdi. Bu addım isə İrəvanın sözügedən sazişdən tamamilə çıxması deməkdir. Faktiki olaraq Ermənistanın üçtərəfli bəyannamənin şərtlərinə uyğun davranmır. Bu isə həm də Rusiyanın nüfuzuna zərbədir. Görünür, İrəvan Moskvanın Cənubi Qafqazdakı proseslərə təsir imkanını minimuma endirmək fikrindədir.

Çox güman, Ermənistanın KİV-inin iddia etdiyi olacaq, Paşinyan rəsmi şəkildə üçtərəfli bəyannamənin 9-cu bəndindən imtina edəcək. Bu isə birbaşa olaraq Paşinyanın siyasi hakimiyyətinə təsir edəcək.

Nəzərə almaq lazımdır ki, rəsmi Moskva artıq Paşinyanın əlindən bezib. Rusiya istəsə Ermənistanda asanlıqla hakimiyyət çevrilişi edə bilər. İndiyə kimi Kremlin tərəddüdünün əsas səbəblərindən biri məhz üçtərəfli sənədlə bağlı idi. Çünki həmin bəyanatı Paşinyan imzalayıb. Yeni hökumət başçısı bu razılaşmadan imtina edə bilərdi.
Görünür, daha Rusiya üçün belə bir tərəddüd olmayacaq. Beləliklə, Paşinyan “oturduğu budağı kəsir”.

Kənan Novruzov
İnterpress.az