Gömrük rüsumlarının azaldılması nəticə verəcəkmi?backend

Gömrük rüsumlarının azaldılması nəticə verəcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında bildirmişdi ki, avtonəqliyyat vasitələrinin rüsumlarının, aksizlərinin yuxarı və ya aşağı olması Dövlət Gömrük Komitəsinin səlahiyyətində deyil. O, qeyd etmişdi ki, hökumət tərəfindən müvafiq qərarlar qəbul olunub, dövlət orqanları da bunu icra edir. Onun sözlərinə görə, hazırda tətbiq olunan vergi və rüsumlar hələ ki, bir neçə il bundan öncə qəbul olunmuş qaydalara uyğun olur. Son dövrlərdə hər hansı artım nəzərdə tutulmamışdı.

“Hətta gələn il hibrid və elektrik nəqliyyat vasitələrini gömrük rüsumlarından hələlik azad olunması ilə bağlı müvafiq tədbirlər görülüb. Yaxın günlərdə yəqin ki, bu barədə sənəd  imzalandıqdan sonra ictimaiyyətə açıqlanacaq. Bu tədbirlər ona görə aparılır ki, avtomobil parkımız həm yenilənsin, həm də uzun müddət istismarda olan nəqliyyat vasitələrinin Azərbaycana idxalı qarşısı alınsın”,- deyə S.Mehdiyev bildirib.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bizimyol.info saytına açıqlamasında bildirib ki, elektromobil və hibrid avtomobillərə gömrük və vergi rüsumlarının, ƏDV-nin ixtisar edilməsi, ekoloji təmiz avtomobillərin ölkəmizə idxalını sürətləndirəcək və vətəndaşlar üçün əlçatan olmasına şərait yaradacaq.

“Amma bu o demək deyil ki, bizim avtomobil parkımız tezliklə yeniləncək. Avtomobil parkının yenilənməsi üçün müxtəlif addımlar atılır. Dünya təcrübəsində belədir ki, yeni avtomobillərin vətəndaşlar tərəfindən alınıb istifadə edilməsini təşviq edən, stimullaşdıran müxtəlif addımlar atılır. Eyni zamanda köhnə, yararsız avtomobillərin utilizasiya proqramı həyata keçirilir. Adətən avtomobil istehsalı olan ölkələrdə utilizasiya proqramları məcburi xarakter daşıyır və aparılır”.

Azərbaycan avtomobil istehsalçısı ölkə hesab edilmir. Azərbaycanda ildə cəmi 2000 avtomobil istehsal edilir. Bu da Azərbaycan avtomobil bazarına təsir etmək imkanlarına malik deyil.

Ekspertin sözlərinə görə, Azərbaycanda artıq utilizasiya proqramının müəyyən konturları cızılıb: “Bununla məşğul olan təşkilatlar məlumat vermişdi. Məndə olan məlumata görə, Azərbaycanda utilizasiya proqramı məcburi deyil, könüllü olacaq. Bu da, çox yaxşı addımdır. Çünki vətəndaşları məcburi şəkildə nəqliyyat vasitəsindən məhrum etmək doğru olmazdı. Azərbaycan avtomobil parkının yenilənməsi üçün vacib addımlardan biri, utilizasiya proqramı, ikinci addım vətəndaşların yeni avtomobil alması üçün imkanların yaradılmasıdır. Bu gün Azərbaycanda vətəndaşların böyük əksəriyyəti yeni avtomobil ala bilmir, çətinlik çəkir. Çünki bilirsiniz ki, devalvasiyadan sonra manatın beynəlxalq valyuta olan dollara nisbətən dəyərdən düşməsi, ölkəyə idxal olunan yeni avtomobillərin qiymətinin yüksəlməsinə gətirib çıxarıb. Hazırda yeni avtomobil almaq çətindir. Yeni avtomobil almağı sadələşdirmək üçün şərait yaradılmalıdır. Bu şərait avtokreditləşmənin sadələşməsi ilə ola bilər. Məsələn, ekoloji təmiz avtomobil almaq istəyən vətəndaşlara güzəştli kreditlər verilə bilər. Bu zaman vətəndaşlar, əlində olan vəsaitlə yeni avtomobil ala bilər. Bununla da avtombil parkı yenilənə bilər”.

E.Cəfərov deyir ki, əgər avtokreditləşmə və əhalinin yeni avtomobil alma şəraiti sadələşdirilərsə, utilizasiya proqramı daha uğurlu olacaq.

“Vətəndaşların yeni avtomobil almaq imkanları olarsa, onlar utilizasiya proqramına qoşulacaq. Əks halda, bu, mümkün olmayacaq” – deyən ekspert bildirir ki, bu gün ölkəyə idxal edilən ekoloji təmiz avtomobillərin ƏDV-dən azad edilməsi artıq böyük addımdır. Bu addımı davam etdirmək, ölkə daxilində vətəndaşlar tərəfindən belə avtomobillərin alınmasını və istismarını stimullaşdırmaq üçün şərait yaratmaq vacibdir. Bu addımların ən səmərəlisi avtokreditləşmənin şərtlərinin sadələşməsidir.

Bu gün Azərbaycanda yüksək əmək haqqı alan şəxslər belə, kreditlə avtomobil almağa çətinlik çəkirlər. Çünki avtokreditləşmənin şərtləri ağır və çətin, faizləri də çox yüksəkdir.