“Lider Media” təşkilatı və 24News.ge xəbər portalının Gürcüstan azərbaycanlıları arasında təsis etdiyi ilin müxtəlif nominasiyaları üzrə mükafatların təltifetmə mərasimi keçirilib.
İnterpress.az xəbər verir ki, mükafat on nominasiya üzrə Gürcüstan azərbaycanlıları arasında il ərzində öz fəaliyyətləri ilə aktiv şəkildə seçilən şəxslərə təqdim olunub.
Tədbirdə ictimaiyyət nümayəndələri, müəllimlər, bələdiyyə üzvləri, jurnalistlər, ziyalılar, din xadimləri və gənclər, həmçinin Bolnisi məhkəməsinin sədri Giorgi Qratiaşvili, hakimlər Nino Jojua, Devi Devidze, Ketevan Sturua və Vladimir Tsitlauri, Marneuli, Bolnisi, Ağbulaq və Calka rayonları üzrə Prokrorlar Giorgi Mekvabidze, Tornike Kapanadze və Aleksandr Andquladze də iştirak ediblər.
Tədbirə ev sahibliyi edən “Lider Media” təşkilatının və 24News.ge xəbər portalının təsisçisi Azər Məmmədov ilk öncə qonaqları salamlayaraq Azərbaycanda baş verən təyyarə qəzası ilə bağlı Azərbaycan xalqına baş sağlığı verib və qəza zamanı həyatını itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azər Məmmədov daha sonra qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə qonaqları təbrik edib və 2024-cü ilin azərbaycan xalqı üçün mühüm il olduğunu qeyd edərək növbəti ilin də uğurlu olmasını arzu edib. A. Məmmədov çıxışında artıq iki ildir ki, təsis edilən ilin mükafatı nominasiyası barədə qonaqlara məlumat verib və bildirib ki, il ərzində media öz müşahidələrini aparıb və Gürcüstan azərbaycanlıları arasında öz fəaliyyətləri ilə aktiv şəkildə seçilən şəxslərə sözügedən nominasiyaların təqdim edilməsi qərarı alınıb.
O qeyd edib ki, bütün sahələr üzrə aktiv icma üzvlərimiz olsa da, lakin mükafata gürcü cəmiyyəti arasında, mərkəzi medialarda və həmçinin beynəlxalq tədbirlərdə Gürcüstan azərbaycanlılarını təmsil edən şəxslər layiq görülüb. O, bu mükafatın təsis edilməsində əsas məqsədin icmamız arasında daha da aktivliyin təşviq edilməsinin olduğunu qeyd edib.
A. Məmmədov sözügedən mükafatın hər il bir ənənə olaraq dekabr ayının sonunda təqdim ediləcəyini qonaqların diqqətinə çatdırıb. Tədbirin davamında çıxış edən digər ali qonaqlar da bu kimi nominasiyanın Gürcüstan azərbaycanlılarının gürcü cəmiyyətinə inteqrasiyasında və öz sahələri üzrə aktiv fəaliyyətlər göstərməsində bir stimul olacağını qeyd ediblər.
Qonaqlar bölgədə geniş oxucu və tamaşaçı auditoriyasına malik olan 24News.ge xəbər portalının və 24News Tv internet televiziyasının 2018-ci ildən bu günədək müxtəlif sahələr üzrə təqdirə layiq fəaliyyətləri olduğunu qeyd ediblər. Sonra on nominasiya üzrə Gürcüstan azərbaycanlıları arasında il ərzində öz fəaliyyətləri ilə aktiv şəkildə seçilən şəxslərə mükafatlar təqdim olunub.
İlin ən aktiv fəaliyyəti üzrə seçilən icma üzvlərimiz isə aşağıdakılardır:
● İlin sazbəndi nominasiyasına ölkəmizdə yeganə olaraq sazbəndlik sənətini inkişaf etdirən və yaşadan ustad aşıq, sazbənd Bəfalı Adıgözəlov layiq görülüb.
● İlin xanım patrul polis nominasiyasına Səbinə Yusubova layiq görülüb.
● İlin jurnalisti nominasiyasına paytaxt televiziyalarından olan İctimai televiziyada Gürcüstan azərbaycanlılarını təmsil edən İctimai Yayımçının ‘Rəngarəng Gürcüstan’ qrupunun rəhbəri və jurnalisti Ramilə Əliyeva layiq görülüb.
● İlin mədəniyyət işçisi nominasiyasına paytaxt Tbilisidə milli mədəniyyətimizin təbliğində xüsusi rol oynayan Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəhbəri Leyla Əliyeva layiq görülüb.
● İlin həkimi nominasiyasına bölgəmizdə azərbaycanlılar arasında xüsusi hörmətə malik olan və öz sahəsi üzrə bir çox insana xüsusi qayğı göstərən göz həkim Zeynəb Gərəkova layiq görülüb.
● İlin Gürcüstanda yeganə azərbaycanlı məhkəmə əməkdaşı nominasiyasına Ramin Axundov layiq görülüb.
● İlin xeyriyyəçi iş adamı nominasiyasına daima xeriyyə işlərində aktiv fəaliyyət göstərən Marneuli bələdiyyə məclisinin deputatı Anar Piriyev layiq görülüb.
● İlin aktiv müəllimi nominasiyasına Şulaveri 2 nömrəli məktəbin müəllimi, həmçinin Sophopolis riyazi mərkəzinin təsisiçisi Elvir Həsənoğlu layiq görülüb.
● İlin proqramisti nominasiyasına bölgəmizdə faliyyət göstərən bir sıra xəbər portallarının hazırlanmasında və istifadəyə verilməsində bir neçə ildir ki, təmənnasız xidmətlər göstərən Elmar Məmmədov layiq görülüb.
● İlin ictimai aktivisti nominasiyasına Gürcüstan azərbaycanlıları arasında müxtəlif sahələrdə öz ictimai aktivliyi ilə seçilən, yerli və mərkəzi medialarda təmsil olunan Rəşan Ziyadəliyev layiq görülüb.
Qeyd edək ki, tədbir sonda “Melody” şirniyyat evinin və “Muğam” restoranının dəstəyi ilə milli mətbəximizə aid şirniyyat və çay süfrəsi ilə davam edib.