“Gürcüstanda sovet dövründə müsəlmanların əllərindən alınan 234 məscid geri qaytarılıb”.
“İnterpress.az” xəbər verir ki, bu sözləri Gürcüstanın Dini məsələr üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze “Dinlərarası dialoqda dövlətin rolu” mövzusunda bu gün keçirilən beynəlxalq konfransının açılış mərasimində səsləndirib.
Z. Vaşakmadze bildirib ki, Gürcüstan əhalisinin böyük əksəriyyətinin pravoslav xristian olmasına baxmayaraq, burada böyük müsəlman icması var. Ölkədə olan məscidlərdə sünni və şiələr birlikdə ibadət edirlər. Çeçenlər və azərbaycanlıların birgə ibadət etməsi hər kəsə bir nümunədir.
“İnteqrasiya üçün ən vacib məsələ dövlət dilinin öyrənilməsidir. Bu istiqamətdə də mühüm işlər görülür. Tolerantlığın daha da gücləndirilməsi üçün Gürcüstan hökuməti addımlar atır. Bu konfransın baş tutması üçün bütün dini icmalara təşəkkür edirəm”, – deyə Zaza Vaşakmadze bildirib.
Qeyd edək ki, tədbirdə Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da iştirak edir.