Bütün Azərbaycan xalqı tərəfindən Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ili böyük həyəcan və sevinclə qarşılanmaqdadır.
Hər bir xalqın dövlətçilik ənənələrinin vahid idarəetmə mexanizmi olan dövlət kimi reallaşması üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtdir. Məhz Ümummilli Lider Heydər Əliyev dühasının xalqımıza bəxş olunması müstəqil Azərbaycanın qüdrətli dövlət olaraq mövcudluğunun əsasını təşkil etmişdir. Ümummilli Lider Heydər Əliyevin bacarıqlı və təcrübəli dövlət xadimi, uzaqgörən siyasətçi, dövlətçiliyin möhkəm təməlini yaradan, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin çox mühüm dövrlərindəndir. Onun müəyyənləşdirdiyi inkişaf strategiyası dövlətimizin hərtərəfli inkişafına ən etibarlı təminat olmuşdur.
İnsan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunması müasir Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin əsaslarından biri olmuşdur. İnsan amilini əsas tutan hüquq sisteminin qurulması və inkişaf etdirilməsi Ümummilli Liderin dövlətçiliyin möhkəmləndirilməsi istiqamətindəki müdrik siyasətinin mühüm tərkib hissəsidir.
Hüquqi dövlət anlayışı özündə konstitusion əsaslı demokratik dövlət anlayışında mövcud olan əlamətləri birləşdirir. Lakin hüquqi dövlətin spesifik əlamətlərindən bəhz etmiş olsaq, hüquqi dövlət haqqında daha geniş, aydın təsəvvür yaratmış olarıq. Bu prinsiplərə əsasən hüququn aliliyi, hakimiyyətlər bölgüsü, hamının qanun qarşısında bərabərliyi, hüquq və azadlıqların üstünlüyü, insan və vətəndaş azadlıqlarının real təminatı, qarşılıqlı məsuliyyət, məhkəmə hakimiyyətinin müstəqilliyi və digər prinsiplər daxildir. Ulu Öndər qeyd olunan başlıca prinsiplərin ölkədə bərqərar olması üçün müstəqil Azərbaycan dövlətinin ali qanunu olan Kostitusiyanın yaradılmasını və bu qanunun xalqın iradəsinə uyğun qəbul edilməsini təmin etmişdir.
Dövlətimizin konstitusiyasının layihəsi Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və hüquqi əsaslı fikirləri əsasında hazırlanmışdır. Həmin dövrdə prezident Heydər Əliyevin sədirliyi ilə xüsusi komissiya yaradılmış və ulu öndər tərəfindən komissiyanın iclaslarında konstitusiyada öz əksini tapması vacib hesab olunan əsas məqamlar komissiya üzvlərinin nəzərinə çatdırılmışdır. Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdir. Yeni Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir.
Bundan sonra sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş və Azərbaycanın ali qanunu hesab edilən Konstitusiyaya uyğun olaraq dövlətimizin hüquqi bazasını formalaşdıran bır sıra qanunvericlik normaları hazırlanmaqla qəbul edilmişdir. Həmin qanunlara ailə, mülki, cinayət və cəza hüququ sahələrinə aid olmaqla, eyni zamanda cinayət və mülki prosessual hüquq münasibətlərinin tənzimləmə mexanizimlərini özündə ehtiva edən əsaslı üstün hüquqi qüvvəyə malik məcəllələri misal göstərmək olar.
Ümummilli lider Heydər Əliyevin rəhbərli ilə aparılmış məhkəmə-hüquq islahatları nəticəsində “Konstitusiya məhkəməsi haqqında”, ”Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında” və digər qanunlar qəbul edilmişdir.
”Məhkəmələr və hakimlər haqqında” qanunun qəbul edilməsi Azərbaycanda məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə təkan verdi. Ədalət mühakiməsinin həyata keçirilməsi bir sıra beynəlxalq hüquq normalarına, o cümlədən bəyannamə və konvensiyalara, həmçinin milli konstitusiyamızın əsas prinsiplərinə uyğunlaşdırılması təmin edildi.
Ölkəmizdə ölüm cəzasına veto qoyulması insan hüquqlarının təminatı sahəsində beynəlxalq aləmdə bir çox dövlətlərə nümunə ola biləcək əsas addımlardan biri idi. 1998-ci ildə Şərqdə ölüm cəzası tamamilə ləğv olunan ilk dövlət olaraq Azərbaycanın adının tarixə yazılması ölkə rəhbərinin humanizim prinsipinə əsaslanan, uzaqgörən fəaliyyətinin nəticəsi idi.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Ədliyyə Nazirliyinin də yenidən və əsaslı surətdə təsis edilməsi prosesinə start verilmişdir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilmiş, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.
Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmamış, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmiş, nazirliyin səlahiyyətləri genişlənmiş, cəmiyyətdə rolu artmışdır.
Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin ilk əsasnaməsinin təsdiq edildiyi gün 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.
Dünya təcrübəsinin reallıqlarını dərk edən, dərin elmi təhlilə və fəlsəfi, hüquqi düşüncələrə sahib olan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə aparılmış islahatlar və görülmüş məqsədyönlü tədbirlər müasir hüquqi dövlət quruculuğunun iqtisadi, hüquqi və hərbi cəhəddən daha güclü bir Azərbaycan modelinin yaranmasına təminat vermişdir.
Azərbaycan ordusu bu gün ən güclü döyüş hazırlığı səviyyəsinə malik dünya dövlətlərinin sırasına daxildir. Bunun bariz nümunəsi isə Azərbaycan Xalqının dünyaya nümunə olan qəhrəmanlığının təcəssümünü və Azərbaycan tarixinin ən şanlı, unudulmaz səhifələrini əks etdirən 44 günlük “Vətən müharibəsi” olmuşdur.
Şanlı ordumuzun qələbəsi Azərbaycan dövlətinin uzun illərdə gördüyü işlərin yekun nəticəsi idi. Ümummilli lider Heydər Əliyev əldə olunmuş Zəfər üçün kifayət qədər baza yaratmışdır. Bu yaradılmış imkanlardan Ulu öndərin siyasi kursunun layiqli davamçısı, müasir dünya siyasətindən xəbərdar olan, xüsusi bacarığa malik, hər atılacaq addımı ən incə ayrıntılarına qədər ölçüb-biçən, tam əminliklə bütün məsuliyyəti öz üzrinə götürən, yalnız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev məharətlə istifadə edə bilərdi. Ali Baş Komandan İkinici Qarabağ Böyük Vətən müharibəsinin bütün gedişatını çox yüksək sərkərdəlik bacarığı nümayiş etdirərək şəxsən özü idarə etdi və ölkəmizin ən yeni tarixini yazdı. Onun rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən etibarən başlanmış zəfər yürüşü nəticəsində əzəli və əbədi Azərbaycan torpaqları işğaldan azad edildi. Həmin vaxt Azərbaycan təkcə döyüş meydanında deyil, həm də beynəlxalq informasiya savaşında mücadilə aparırdı. Bu da qələbənin əldə olunmasında əhəmiyyətli rol oynadı. Cənab Prezidentin həmin günlərdə şəxsən dünyanın onlarla telekanalına verdiyi müsahibələri, xalqımıza müraciətləri hamımız həyəcanla dinləyirdik. Məhz bu məqsədyönlü fəaliyyətin nəticəsində o, ermənilərin əsrlərlə ölçülən türk dünyasına qarşı apardıqları əks-təbliğatı darmadağın edərək erməni millətinin iç üzünü dünyaya tanıtdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərancamı ilə məhz Şuşanın işğaldan azad edildiyi gün noyabrın 8-i Azərbaycan Respublikasında “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Ali Baş Komandan öz çıxışında bildirmişdir: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 ili tamam olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir.
Həmin sənəddə qeyd olunduğu kimi “Hedər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyevin zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.
Bu tarixi sərəncam dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin təbliğinə və yeni nəslin mənimsəməsinə şərait yaradacaqdır.
Böyük fəxarət hissi ilə bildirmək istərdim ki, Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə uzun illər həsrətini çəkdiyimiz torpaqlarımızın xilaskarı olmuşdur.
Quba regional “ASAN xidmət” mərkəzində
Ədliyyə Nazirliyinin
Qeydiyyat şöbəsinin rəisi
Həmid Məmmədov