Roma hava limanında baqajında 216 kiloqram narkotik daşıyan İsrail vətəndaşı saxlanılıb.
İnterpress.аz xəbər verir ki, bu barədə İtaliya KİV məlumat yayıb.
İtaliyanın Maliyyə Qvardiyasının əməkdaşları gömrükçülərlə birgə Leonardo da Vinçi adına beynəlxalq hava limanında böyük miqdarda narkotik tərkibli bitkinin ölkəyə gətirilməsinin qarşısını alıblar.
Tel-Əvivdən birbaşa reyslə gələn İsrail vətəndaşı olan sərnişin səfərinin məqsədi barədə ziddiyyətli cavablar verdiyi üçün müfəttişlərin diqqətini çəkib.
Onun qeydiyyatdan keçmiş yeddi çamadanına rentgen və əl ilə baxış keçirilən zaman ümumi çəkisi 216 kiloqram olan təzə qat bitkisi kolları və dəstələri aşkar edilib.
Faktla bağlı toplanmış materiallar Çivitavekkya şəhər prokurorluğuna təqdim olunub və saxlanılan şəxsi narkotik qaçaqmalçılığına görə ciddi cəza gözləyir.
Məlumat üçün bildirək ki, qat bitkisinin yarpaqlarında mərkəzi sinir sisteminə amfetaminə bənzər stimullaşdırıcı təsir göstərən katinon və katin alkaloidləri mövcuddur.
Bu bitki İtaliyada və əksər Avropa ölkələrində qəti şəkildə qadağan edilib və narkotik vasitə kimi təsnif olunur.
Xuraman Etibarlı
İnterpress.аz






