Keniyanın qərbində təqribən 95 məktəbli qız diaqnozu qoyulmamış xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib. Hadisədən sonra məktəb qeyri-müəyyən müddətə bağlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nayrobidən 374 kilometr şimal-qərbdə yerləşən Müqəddəs Tereza Eregi Qız Liseyində 95 şagird xəstələnib.
Səbəbi hələ müəyyən edilməyən xəstəlik səbəbindən tələbələr xəstəxanaya yerləşdirilib.
Rayon təhsil işçisi Bonface Okoth mətbuata açıqlamasında 95 şagirdin ayaqlarının xəstəlik səbəbindən iflic olduğunu və onların əksəriyyətinin yeriyə bilməyəcəyini bildirib.
Məktəb qeyri-müəyyən müddətə bağlıdır
Okoth tələbələrin tibbi yardım üçün xəstəxanaya aparıldığını bildirib.
Hadisədən sonra məktəb rəhbərləri ilə Təhsil Nazirliyinin rəsmiləri arasında keçirilən görüşdən sonra məktəb qeyri-müəyyən müddətə bağlanıb.
Məktəb rəsmiləri xəstəliyin nədən qaynaqlandığını araşdırdıqdan və lazımi tədbirləri gördükdən sonra şagirdlərin dərslərinə davam edə biləcəklərini açıqlayıb.
Xəstəliyi müəyyən etmək üçün tələbələrdən qan nümunələrinin alındığını bildirən xəstəxana rəsmiləri qan nümunələrinin Keniya Tibbi Araşdırma İnstitutu (KEMRI) laboratoriyalarına göndərildiyini bildirib.