“Kimin qarşı çıxmasından asılı olmayaraq,  Zəngəzur dəhlizi mütləq açılacaq” – Rəybackend

“Kimin qarşı çıxmasından asılı olmayaraq,  Zəngəzur dəhlizi mütləq açılacaq” – Rəy

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ehtimal olunur ki, Türkiyənin İstanbul, Ankara, İzmir və Bursa kimi böyük şəhərlərindən Füzuliyə mütəmadi uçuşlar həyata keçirilə bilər”.

İnterpress.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın II Qarabağ savaşından sonra ölkəmizə artıq üçüncü səfərinə münasibət bildirən politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının tikintisindən sonra ilk xarici qonaq kimi gəlişi və ölkə başçısı İlham Əliyevlə birgə bu hava limanının açılışında iştirak etməsi, hava limanının rəmzi açarlarını götürməsi siyasi mesaj xarakteri daşıyır və bununla hər iki dövlət başçısı dünyaya qəti mesaj verdi:

“Bu, o deməkdir ki, Füzuli Beynəlxalq Hava Limanı qapılarını ilk xarici ölkə olaraq Türkiyə təyyarələrinin üzünə açmış oldu və ehtimal olunur ki, Türkiyənin İstanbul, Ankara, İzmir və Bursa kimi böyük şəhərlərindən bura mütəmadi uçuşlar həyata keçirilə bilər. Bu isə qardaş Türkiyə şirkətlərinin Qarabağın yenidən qurulmasında daha da aktiv şəkildə iştirakını təmin etməklə yanaşı, həm də türk iş adamlarının regiona gəlişinin daha da asanlaşmasına şərait yaratmış olur.

Hər iki ölkə başçısının Zəngəzur dəhlizinin təməlqoyma mərasimində birgə iştirakı isə region və dünya dövlətlərinə verilmiş digər önəmli mesajlardan biri hesab edilə bilər. Belə ki, Zəngəzur dəhlizinin açılmasına kimin qarşı çıxmasından asılı olmayaraq,  bu dəhliz mütləq açılacaq. Nəhayət, hər iki ölkə lider arasında həm təkbətək baş tutan görüş, həm də birgə keçirdikləri mətbuat konfransı seçildiyi yer baxımından və konfransda söylənilən fikirlər baxımından vacib əhəmiyyətə malik mesaj kimi qəbul edilə bilər.

Son olaraq onu da qeyd etmək lazımdır ki, Türkiyə prezidentinin Azərbaycana səfəri və burada iştirak etdiyi tədbirlərdən sonra Rusiya mətbuatında Azərbaycana qarşı ritorikanın dəyişməsi və nisbətən aqressiyanın artması hiss edilməkdədir. Bu aqressiya içərisində əsas yeri Dağlıq Qarabağ termininin işlədiləməsi tutur”.

Gülşən