“Bu gün ölkədə fəaliyyət göstərən təhsil müəssilərinin heç 30%-ni psixoloqla təmin etmək mümkün olmayıb”.
İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
Onun sözlərinə görə, ölkədə təxminən beş minə yaxın ümumtəhsil müəssisəsi var, ancaq o qədər psixoloq yoxdur: “Digər tərəfdən ayrı-ayrı sahələrdə fəaliyyət göstərən psixoloqlara ixtisas üzrə hazırlıq lazımdır. İlk növbədə məktəb psixoloqları hazırlığı həyata keçirilməlidir. Gələn ilin dövlət büdcəsində kadr hazırlığı məsələsinə baxılmalı və yeni təhsil proqramları üzrə kadr hazırlığına başlanılmalıdır”.
Komitə sədri bildirib ki, dövlət büdcəsində elmlər doktorlarına vəsaitin ayrılmasına yenidən baxılmalıdır: “Bu, ali təhsil müəssisələrimizdə əməkqabiliyətli ixtisaslar üzrə fəlsəfə doktoru proqramı üzrə kadr hazırlığına yönəldilməlidir və insanlarımıza normal şərait yaradılmalıdır”.