Meksika sahillərində tüğyan “Lidiya” qasırğasında bir nəfər ölüb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. ”Kateqoriya 4” olan “Lidiya” qasırğası dünən yerli vaxtla saat 18:00 radələrində Meksikanın qərbində fəsadlar törədib.
Sürəti saatda 220 kilometrə çatan qasırğa Las Penitas şəhərində güclü yağışlara səbəb olub.
Səlahiyyətlilər Puerto Vallartanın şimalında bir nəfərin avtomobilinin üzərinə ağacın aşması nəticəsində öldüyünü açıqlayıb.
Meksika prezidenti Andrés Manuel Lopez Obrador açıqlamasında Nayarit və Xalisko əyalətlərində yaşayan insanları evlərini tərk etməməyə çağırıb.
Puerto Vallarta hava limanı bu gün yerli vaxtla saat 16:00-dan sabah saat 08:00-a qədər bağlanıb. Bəzi bölgələrdə məktəblər bağlanıb.
Meksika 6 min silahlı qüvvə personalının və mülki müdafiə qruplarının qasırğadan zərər çəkmiş bölgələrə yönəldildiyini açıqlayıb.