Livanın baş naziri Necib Mikati ölkəsinin müharibəyə getmək istəmədiyini, lakin bununla bağlı Hizbullahdan hələlik heç bir təminat almadıqlarını bəyan edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Livanın baş naziri Necib Mikati Livanda bir televiziya kanalında gündəmlə bağlı açıqlamalar verib.
Livan üçün əsas şeyin etimadı və sabitliyini qoruyub saxlamaq olduğunu vurğulayan Mikati Hizbullaha da toxunub: “Ancaq vəziyyətin daim dəyişdiyi üçün heç bir partiyadan hadisələrlə bağlı təminat ala bilmədim”.
İsrailin Hizbullaha qarşı təxribatçı hücumlarını dayandırması lazım olduğunu deyən Mikati bildirib ki, Livan müharibə etmək istəmir.
İsrail-Fələstin münaqişəsi blokadada olan Qəzza zolağında şiddətli müharibəyə çevrildiyindən İsrail-Livan sərhədi yenidən qızışıb. Region son vaxtlar İsrail ordusu ilə Livan Hizbullahı arasında qarşılıqlı hücumlara səhnə olub.