Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin təşkilatçılığı ilə İspaniyanın paytaxtı Madriddə “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” Avropa Forumu keçiriləcək.
İspaniyanın thediplomatinspain.com saytının yazdığına görə, oktyabrın 9-da “Westin Palace Hotel”də təşkil olunacaq foruma yerli və xarici olmaqla, bir sıra tanınmış şəxsər qatılacaqlar.
Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov, millət vəkili Sabir Rüstəmxanlı, Avropa Parlamentinin üzvü, 2014-2019-cu illərdə Avropa Parlamentinin vitse-prezidenti olmuş Riçard Çaretski, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sdəri Tənzilə Rüstəmxanlı, İnkişaf və Diplomatiya İnstitutunun Siyasi araşdırma, təhlil və nəşrlər üzrə direktoru, BMT-nin keçmiş yüksək vəzifəli rəsmisi və Serbiya Respublikası Prezidentinin xüsusi müşaviri Damjan Krnjeviç Miskoviç, Avropa Qonşuluq Şurasının icraçı direktoru Samuel Doveri Vesterbay, Brüssel İdarəetmə Məktəbinin professoru, Belçika Baş nazirinin keçmiş müşaviri Köyert Debüf, məşhur fotoqraf Reza Deqati, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər, Türkiyənin “Ülke TV” yayım şirkətinin Baş redaktoru Həsən Öztürk, “İnterpress” Media Qrupunun baş direktoru Toğrul Allahverdili və Kral Xuan Karlos Universiteti ilə Madrid San Pablo-CEU Universitetindən tanınmış elm adamlarının qatılacağı forum iki paneldə baş tutacaq.
“Qaçqınlar probleminə Avropa yanaşması: Çağırışlar və beynəlxalq əməkdaşlıqlar yolu ilə mümkün həll yolları” başlıqlı birinci paneldə Aİ-nin məcburi köçürmə və deportasiya ilə bağlı siyasəti, qaçqınların üzləşdiyi problemlər, qaçqınların mühafizəsi və onların reinteqrasiyası üzrə mövcud strategiyalar, qaçqın qadınların üzləşdiyi problemlərin həllinə yönəlik müasir yanaşmalar, qaçqın, məcburi köçkün və miqrasiya problemində Avropa İttifaqının tərəfdaş ölkələri ilə praktiki əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
“Məcburi deportasiya və qaçqınlar mövzusunda Azərbaycan təcrübəsi: Qərbi Azərbaycana qayıdış” adlanan ikinci paneldə qaçqınlar probleminin hüquqi çərçivələri və beynəlxalq ictimaiyyətin öhdəlikləri, qaçqın səslərinin dünyaya eşitdirilməsi və onların hislərinə şərik çıxmaq səylərinin gücləndirilməsi, Azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlik mövcud mexanizm və strategiyalar mövzularında müzakirələr keçiriləcək.
Forumun sonunda Azərbaycanlı qaçqınlar adından beynəlxalq ictimaiyyətə çağırış ediləcək və Avropa Forumunun yekunlarına dair bəyanat səsləndiriləcək.