Maksim Medvedev: “Bu mövsüm qrupdan çıxmaq üçün yaxşı imkanımız var”backend

Maksim Medvedev: “Bu mövsüm qrupdan çıxmaq üçün yaxşı imkanımız var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaxtilə Avropa Liqasında qrupdan çıxmağa yaxın idik, alınmadı. Bu mövsüm bunun üçün yaxşı imkanımız var”.

“Report”ın məlumatına görə, bunu “Qarabağ”ın kapitanı Maksim Medvedev Norveçin “Molde” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

34 yaşlı müdafiəçi qrupdakı mübarizəyə qələbə ilə başlamaq istədiklərini bildirib: “Əsas işimizi artıq görmüşük, qrupda oynayacağıq. Uğurumuzu irəli daşımaq üçün əlimizdən gələni edəcəyik. Hazırda hər kəs oynamaq istəyir, heyətimiz genişlənib. İnanıram ki, belə güclə, həvəslə bu il daha uğurlu çıxış edəcəyik”.

Futbolçu son vaxtlar az oynadığını etiraf edib: “Amma daim komanda ilə bir yerdəyəm. Özümü zədələrdən qorumağa çalışıram. Uzun müddət oynamasam da, təcrübəm var, uşaqlara baxanda analiz edə bilirəm. Özümü həmişə oyunda imiş kimi görürəm. Qalan hər şeyi məşqdə götürməyə çalışıram”.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.