Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib – FOTObackend

Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.

İnterpress.az xəbər verir ki, iclasda Birinci vitse-prezident Mehriban Əliyeva çıxış edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı

-Hörmətli həmkarlar.

Bu gün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasını keçiririk. Cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilmişdir və verilən tapşırıqlara əsasən, rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənmişdir. Qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olunmuşdur. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır.

Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır. Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq.

Fəaliyyətimiz bütün dövlət qurumlarının birgə fəal və səmərəli işini tələb edir. Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır.

Bugünkü iclasda müşavirədən keçən son aylar ərzində aparılan işlər, əldə edilən nəticələr haqqında Rəşad Nəbiyev məruzə edəcək.

x x x

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə Birinci vitse-prezidentə məlumat verdi. Qeyd etdi ki, fəaliyyət planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. Rəqəmsallaşma istiqamətində görülən işlərə toxunan nazir 40 dövlət qurumu ilə Yol xəritələrinin hazırlandığını, onlardan 13-nün artıq təsdiqləndiyini və ya təsdiq mərhələsində olduğunu dedi.

Rəşad Nəbiyev Milli Məlumat Hövzəsinin yaradılması barədə məlumat verdi, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlərin davam etdirildiyini vurğuladı. “Mygov” platformasının xidmət dairəsinin genişləndirildiyini, son üç ayda istifadəçilərin sayının 2,7 milyondan 3,5 milyona çatdığını deyən nazir artıq bir neçə tətbiqin platformaya inteqrasiya olunduğunu, daha yeddi dövlət tətbiqinin xidmətlərinin isə ilin sonunadək vətəndaşların istifadəsinə veriləcəyini bildirdi.

Rəqəmsal inkişaf və nəqliyyat naziri fəaliyyət planının əsas prioritetlərindən birinin süni intellekt olduğunu vurğulayaraq, “mygov” və digər dövlət qurumlarında süni intellekt həllərinin tətbiqinin genişləndirildiyini, virtual vətəndaş köməkçisinin istifadəyə verildiyini dedi. Rəşad Nəbiyev innovasiya ekosisteminin inkişafı məsələlərinə toxundu, texnoloji suverenliyi gücləndirən sahələrdə fəaliyyət göstərən şirkətləri bir araya gətirmək məqsədilə Azərbaycan Dayanıqlılıq Klasterinin yaradılmasına başlanıldığını vurğuladı və kibertəhlükəsizlik sahəsində görülən işlərdən danışdı. Qeyd etdi ki, Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Təhqiqat Mərkəzinin yaradılması, həmçinin dövlət və özəl sektor arasında operativ məlumat mübadiləsini təmin edəcək vahid milli kibertəhlükəsizlik platformasının qurulması istiqamətində işlər davam etdirilir.

x x x

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov rəqəmsal sahədə qanunvericilik üzrə islahatlar barədə Birinci vitse-prezidentə məlumat verdi. Şahmar Mövsumov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi rəqəmsal transformasiya ardıcıl şəkildə həyata keçirilir. Dövlətimizin başçısının bu ilin fevralında imzaladığı Fərmanla Rəqəmsal İnkişaf Şurasının yaradıldığını və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiqləndiyini xatırladan Şahmar Mövsumov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Şurada müəyyən edilmiş strateji prioritetlərə və verilmiş tapşırıqlara uyğun olaraq müasir qanunvericilik bazasının formalaşdırılması istiqamətində kompleks islahatların hazırlandığını dedi. Vurğuladı ki, bu, postsovet məkanında rəqəmsal ekosistemin inkişafı və tənzimlənməsi istiqamətində həyata keçirilən ən əhatəli və fundamental islahat təşəbbüsüdür.

Şahmar Mövsumov islahatın əhatə etdiyi sahələrə toxunaraq bildirdi ki, bunlar hüquqi müəyyənliyin təmini, rəqabətqabiliyyətli vergi mühitinin formalaşdırılması, innovasiyaların maliyyələşdirilməsi, elmi-tədqiqat və innovasiya təşviqləri, istedadların cəlb edilməsi, bazara çıxış imkanlarının genişləndirilməsi və kibertəhlükəsizlik sahəsində tənzimləmənin təkmilləşdirilməsidir.

Prezidentin köməkçisi bu islahatların mühüm cəhətlərindən biri kimi onların dünya təcrübəsinə əsaslandığını dedi, dəyişikliklər hazırlanarkən müxtəlif ölkələrin uğurlu modellərinin öyrənildiyini qeyd etdi.

x x x

Elm və təhsil naziri Emin Əmrullayev ölkədə təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və gələcək planlar barədə Birinci vitse-prezidentə məlumat verdi. Nazir təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təminatı, “Rəqəmsal məktəb” layihəsi, təhsil pillələri üzrə məlumatların rəqəmsallaşması, təhsil sənədlərinin elektronlaşdırılması məsələlərinə toxundu, növbəti mərhələ olaraq tədrisin rəqəmsallaşdırılmasının nəzərdə tutulduğunu dedi.

Emin Əmrullayev, həmçinin şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı üçün məktəblərdə həyata keçirilən “Rəqəmsal bacarıqlar”, “STEAM Azərbaycan” layihələrini qeyd etdi, bu istiqamətdə insan kapitalının inkişafının təmin edilməsinin də əsas prioritetlərdən biri olduğunu vurğuladı.

İclas müzakirələrlə davam etdirildi.