Məqsədsiz müharibə və QIRILAN NƏSİLLƏR – Ukraynada kim sonadək davam gətirəcək?backend

Məqsədsiz müharibə və QIRILAN NƏSİLLƏR – Ukraynada kim sonadək davam gətirəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə 50 gün vaxt verdi və 100%-lik sanksiyalarla hədələdi. Amma Putin çəkinmədən müharibəni davam etdirəcəyini bildirdi.

Tramp Putini durdura bilmədi, amma arada qırılan hər 2 tərəfdən günahsız insanlardır. Yəni bu müharibə doğrudanmı hələ də Rusiyanın gücünü tükətməyib?

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını politoloq Tural İsmayılov cavablandırıb.

Politoloq bildirib ki, Trampın Putinə vaxt qoyması daha çox siyasi ritorikadır, real təsir mexanizmi yoxdur.

“Trampın Putinə 50 günlük vaxt verməsi, əslində, daha çox siyasi ritorika idi, real təsir mexanizmi yox idi. ABŞ-nin daxili seçki ab-havasında bu cür sərt bəyanatlar seçicilərə yönəlikdir.

Putin isə artıq bu cür təzyiqlərə qarşı immunitet qazanıb. O, Qərbin hədələrini uzunmüddətli müharibəyə hazırlıq siqnalı kimi qiymətləndirir.

Müharibə, bəli, Rusiyanın resurslarını tükədir, amma hələ strateji iflasa gətirməyib. Rusiya iqtisadiyyatı stabilliyini qismən qoruyur, xüsusilə enerji satışından gələn gəlirlər sayəsində. Lakin insan resursları, texnika və beynəlxalq təcrid baxımından Kreml ağır itkilər verir”, – siyasi şərhçi vurğulayıb.

O, daha sonra qeyd edib ki, Trampın sözləri müharibəni nəinki dayandırdı, əksinə, tərəflər daha da qızışdı.

“Trampın “durdurmaq” mesajı həm də NATO-ya təzyiqdir, çünki Avropanın da müharibəyə baxışında çatlar var. Ukrayna isə Qərbdən gələn dəstək azaldıqca, daha da çətin duruma düşür. Bu, hərbi yox, artıq siyasi və psixoloji bir döyüşdür.

Putin vaxt qazanır, Qərb isə zamanla konsensusu itirir. Trampın sözləri müharibəni dayandırmadı, əksinə, tərəflər daha da sərtləşdi.

Diplomatik müstəvi tamamilə tərk edilib. İndi meydan “kim sonadək davam gətirəcək?” sualının cavabıdır.

Müharibə artıq məqsəddən çıxıb, mexanizmə çevrilib. Qırılan isə, təəssüf ki, Rusiya və Ukraynanın gələcək nəsilləridir”, – politoloq fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az