Milli Qəhrəmanın xanımının təqaüdü niyə kəsilib? – RƏSMİbackend

Milli Qəhrəmanın xanımının təqaüdü niyə kəsilib? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Milli Qəhrəmanı Pərviz Səmədovun həyat yoldaşı Şahvələdova Mətanət Ziyəddin qızı ona verilən Prezident təqaüdünün kəsildiyini deyir.

İnterpress.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə videomüraciət yayımlayıb.

M. Şahvələdova bildirir ki, Pərviz Səmədovla 17 yaşında ailə qurub: “O zaman yaşım rəsmi nikah yaşına düşməyib. Evlənəndən 4 ay sonra yoldaşım müharibəyə gedib və 1992-ci ildə şəhid olub. Bu illər ərzində Milli Qəhrəmana aid edilən bütün müavinətləri, təqaüdləri almışam. 2005-ci ildən Prezident təqaüdü alıram. 2021-ci ilin noyabrından isə mənə verilən Prezident təqaüdü dayandırılıb. Deyirlər ki, rəsmi nikahın yoxdur, ona görə təqaüd dayandırılıb”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanlanıb. Bildirilib ki, “Azərbaycanın Milli Qəhrəmanı” adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Prezident təqaüdü həmin şəxslərin ailə üzvlərinə, o cümlədən ailə üzvlərindən biri kimi dul arvadına (ərinə) təyin olunaraq verilir: “Bu zaman tələb olunan sənədlərdən biri də nikah haqqında şəhadətnamənin olmasıdır. Gəncə şəhər sakini Şahvələdova Mətanət Ziyəddin qızına Azərbaycanın Milli Qəhrəmanı şəhid Səmədov Pərviz Abduləhəd oğlunun həyat yoldaşı kimi təyin olunmuş Prezident təqaüdünün ödənişinin dayandırılmasına səbəb də monitorinq zamanı M.Şahvələdovanın şəhidin həyat yoldaşı olduğunu təsdiq edən nikah haqqında şəhadətnaməsini təqdim etməməsi olub. Bu barədə vətəndaşa məktub göndərilərək məlumat verilib”.

Qeyd edək ki, Milli Qəhrəman P. Səmədov 5 may 1970-ci ildə Gəncə şəhərində anadan olub.  O, könüllü olaraq 1992-ci ildə Ağdam cəbhəsində döyüşlərə qatılır və komandir təyin edilir. Elə həmin ilin mayında Ağdam rayonunda şəhid olur. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə ona Milli Qəhrəman adı verilib. Gəncə şəhərində dəfn edilən qəhrəmanın adına orada bir neçə küçə də var.

Qafqazinfo.az