“Müharibəni davam etdirib Xankəndini, Əsgəranı ala bilərdik…”backend

“Müharibəni davam etdirib Xankəndini, Əsgəranı ala bilərdik…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə fəaliyyət göstərən erməni separatçılarına Ermənistandan silah və hərbçilər daşınır. Moskvanın Ermənistanı yenidən silahlandırmağa başlaması ilə bu hal intensiv xarakter alıb. Mövcud durum 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın şərtlərinə tamamilə ziddir.

Moskva və İrəvanın öhdəliklərini yerinə yetirməməsi, hətta şərtləri kobud şəkildə pozması yaxın gələcəkdə rəsmi Bakının bəyanatdan imtina etməsinə və hərbi əməliyyatlara yenidən başlamasına səbəb ola bilərmi?

Politoloq Yusif Bağırzadə Yenisabah.az-a açıqlamasında Azərbaycanın müharibədəki mövqeyindən söz açaraq hər şeyin beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirildiyini bildirib:

“Azərbaycan BMT-nin qətnamələrinə uyğun olaraq öz torpaqlarını düşməndən azad edib. Müharibədə maksimum dərəcədə erməni mülki vətəndaşlarına zərər verməməyə çalışmışıq. Düzdür, 30-a yaxın mülki erməni vətəndaşı ölüb, amma həmin şəxslər müharibədə iştirak edənlər olub. Ancaq Tərtər rayonunda mülki vətəndaşlar dəfələrlə məqsədli şəkildə hücuma məruz qalıb və 100-dən çox mülki vətəndaşımız müharibə qurbanı olub. Ermənilərin hərbi itkisi bizimkindən dəfələrlə çoxdur. Sadəcə demək istəyirəm ki, müharibə metodumuz ədalətli olub”.

Yusif Bağırzadə əlavə edib:

“Müharibədən sonra 10 noyabr və 11 yanvar razılaşmalarının təminatçısı Rusiyadır. Müharibəni davam etdirib Xankəndini, Əsgəranı azad edə bilərdik. Hərbi hissəmiz faktiki Xankəndidəydi. Amma təminatçı rolunda çıxış edən Rusiya “Müharibəni dayandırın”,- dedi, Putin öhdəlik götürdü və danışıqlar başladı. Ona görə də bu anlaşmadan qaçmaq qeyri-mümkündür. Belə olmasaydı, 20 minə yaxın erməni əsgəri məhv olacaqdı.

Azərbaycan Rusiyanın vədinə inandı. Amma indi nəyi müşahidə edirik? Rusiya və Ermənistan bəyanatın şərtlərini pozur”.

Ekspert hesab edir ki, qısa zamanda sərhədlərin delimitasiya və demarkasiya prosesi həyata keçririlməlidir:

“1970-ci illərin xəritələrinə qayıdılmalıdır. Əgər belə olsa, ermənilər bir çox ərazimizi tərk edəcək, susuz qalacaqlar. Onlar bu prosesi uzatmaqla münaqişəni Minsk qrupu səviyyəsinə endirmək istəyirlər. Seçkilərdən sonra həm Naxçıvanı, həm də digər sərhəd bölgələrini atəşə tutmağa başlayıblar. Məqsədləri diqqət çəkdirib məsələni öz xeyrinə həll etməkdir. Lakin bu mümkün olmayacaq, çünki arxamız möhkəmdir, Türkiyə və Pakistan kimi müttəfiqlərimiz var”.

Yusif Bağırzadə qeyd edib ki, hazırda bəyannamənin şərtlərini pozmaq, ümumiyyətlə, bəyannamədən imtina etmək lazım deyil:

“Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirik. Belə olan halda, nəyə görə bəyanatdan imtina edək? Biz qalibik, bəyanata sadiqik və düşmən bizimlə razılaşmalıdır. Düzdür, digər iki tərəf bəyanatı pozarsa, Azərbaycanın da imtina edib hərbi əməliyyatlara başlamaq hüququ var. Hələ azad ediləsi çox torpağımız var. Basarkeçər, Göyçə, Zəngəzurun qərbi və şərqi bizimdir Yəni Ermənistan dövləti torpağımızdan əmələ gəlib.

Düşməni sülhə sövq edə bilərik. Sadəcə düşmən müddəti uzadır, halbuki onlar bir çox ərazini bizə verməli, sülh müqaviləsinə imza atmalıdırlar. İnanmıram ki, Rusiya vəziyyəti belə saxlasın, çünki elə olsa, buraya üçüncü qüvvə girəcək ki, biz də başqa qüvvələri dəvət edəcəyik”.