İordaniya hökuməti “Müsəlman Qardaşlar”ı qeyri-qanuni təşkilat elan edib və krallıqda fəaliyyətini qadağan edib.
İnterpress.az xəbər verir ki, bu barədə İordaniya Daxili İşlər Nazirliyinin rəhbəri Əl-Faraiya mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu təşkilatın üzvlərinin “sabitliyi pozan fəaliyyətlə məşğul olduqları və təhlükəsizliyi pozduğu” sübuta yetirilib.
Nazir əlavə edib ki, təşkilata üzv olmaq və ya təbliğat aparmaq qadağandır. Həmçinin krallıq daxilində “Müsəlman Qardaşlar”ın əmlakının müsadirə edilməsi barədə qərar qəbul edilib.
Qərar krallığın milli təhlükəsizliyinə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən 16 nəfərin həbsindən sonra qəbul edilib.
Onların yerli istehsal və qeyri-qanuni idxal olunan komponentlərdən istifadə edərək raket istehsal etdikləri, həmçinin partlayıcı maddələr və odlu silahlar yığdıqları bildirilir.
Sonradan məlum olub ki, saxlanılanların hamısı “Müsəlman Qardaşlar” hərəkatının üzvləridir və HƏMAS-la əlaqəsi var.
Bir sıra ölkələrdə, o cümlədən Səudiyyə Ərəbistanı, Suriya, Misir və Rusiyada “Müsəlman Qardaşlar” terror təşkilatı kimi tanınır.
Xuraman Etibarlı
İnterpress.az