9 iyul 2026-cı il tarixində Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Neftçala rayonunun Həsənabad qəsəbəsində növbəti vətəndaş qəbulu keçirdi.
İnterpress.az xəbər verir ki, qəbul Həsənabad qəsəbə məktəbinin binasında təşkil olundu. Görüşdə Həsənabad qəsəbəsi ilə yanaşı, Mirzəqurbanlı, Günəşli və Söyüdlü kəndlərinin sakinləri iştirak edərək onları narahat edən məsələləri deputatın diqqətinə çatdırdılar.
Sakinlərin əsas müraciətləri içməli su təchizatının yenilənməsi, Həsənabad qəsəbə məktəbinin yenidən inşa olunması, eləcə də qəsəbədə sakinlərin təşəbbüsü ilə tikilməsi nəzərdə tutulan “Mərasim evi” binasına dəstəyin göstərilməsi və digər sosial məsələlərlə bağlı oldu.
Su təchizatı ilə bağlı müraciətlərin aktuallığını nəzərə alaraq, deputatın dəvəti ilə qəbulda Neftçala Rayon Suvarma İdarəsinin rəisi Təbriz Əyyubov və idarə rəisinin müavini Aləddin Şahbazov da iştirak etdilər.
Görüş zamanı mövcud problemlər ətraflı müzakirə olundu, sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində təklifləri dinlənildi.
Qəbul zamanı Tənzilə Rüstəmxanlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və meliorasiya sahəsinə cavabdeh aidiyyəti qurumların nümayəndələri ilə telefon əlaqəsi saxlayaraq mövcud vəziyyəti müzakirə etdi, problemlərin operativ həlli üçün daha ciddi və təxirəsalınmaz addımların atılmasının vacibliyini diqqətə çatdırdı.
Digər müraciətlərlə bağlı isə aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlərin ünvanlandığı bildirildi. Vətəndaşların qaldırdığı bütün məsələlərin həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi və prosesin deputat tərəfindən daim nəzarətdə saxlanılacağı vurğulandı.






