O qadın onun saxladığı qadındır…backend

O qadın onun saxladığı qadındır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyüklərimiz müasir dövrümüzü keçmişlə müqayisə edəndə həmişə ağız dolusu danışır. Ailə dəyərlərimiz yüksək idi, boşanmaq, ayrılmaq yox imiş deyir. Nə olsa da, ailə həmişə tam qalırmış… Fikrimcə, el gözündən qorxaraq boşanmayan ailələr həmişə yarımçıqdır. Sevgi və xoşbəxtlik olmayan ailə hansı tamlıqdan danışa bilər?!

Yay aylarında Türkiyə səyahətinə çıxdım. Avtostopla səyahət etdiyimə görə fərqli insanlarla tanış olub, söhbət edirdim. Bir gün yenə avtostop çəkdim və bir “TIR” şoferi məni maşınına götürdü.

Təxmini 3-4 saat yol getdik. Dayı 50-60 yaş arasında və Türkiyənin hansısa bir kəndindən idi. Dəqiq məlumatları qeyd edə bilməyəcəm, çünki 44 gün müddətində 60-dan çox fərqli insanlarla söhbətləşmişdim.

Uzun sözün qısası, Nurullah dayı çox səmimi biri idi. Hardan gəldiyimlə, niyə səyahətə çıxmağım ilə bağlı maraqlanırdı.

Atdığım addımı dəstləkləməsə də, daha sonra özünün də belə bir addım atmaq istədiyini etiraf etdi…

Nə başınızı ağrıdım, söhbət artıq daha da səmimiləşmişdi. Nurullah dayı dedi ki, bəs azərbaycanlı bir qadınla evlənmək istəyərəm. “Huyu huyuma, yaşı-yaşıma” uyğun olsun. Bir az azərbaycanlı qadınları təriflədi ki, çox işgüzar və səbirli olurlar. Tərəddüdlə yoldaşının aqibəti ilə bağlı maraqlanmağa çalışmışdım ki, dayının dərdi təzələndi. Başladı qeybətə.

Təxminən 30 ilə yaxındır ki evlilərmiş və üç uşaqları var imiş.

– Uşaqlarımdan çox razıyam, iki qızım mənə çox bağlıdır. Oğlum da məni çox istəyir. Mən də onları çox sevirəm. Amma yoldaşımdan zəhləm gedir. İt-pişik kimiyik. Bu işdən də zəhləm gedir. Yoldaşıma görə “TIR” şoferi oldum ki, evdən uzaq olum. Yoxsa, başqa iş şanslarım da var idi.

Yoldaşı ilə heç vaxt yola getmədiyindən gileylənirdi… Dedim bəs niyə ayrılmamısınız? Hər ikinizin də həyatı cəhənəmdirsə, niyə hər kəs öz yolu ilə getməyib?

Pəh, dayı başladı… Deyir, bizdə boşanmağa pis baxırlar. Boşanmış qadına isə lap pis baxırlar. Ya ikinci dəfə evlənməyi düşünərsə, vay vay…

Üç uşağımız var, nə boşanması? – deyə etiraz edən dayı, daha sonra evləndikdən sonra, tanış olduğu bir qadından danışmağa başladı. Yaşadıqları sevginin həqiqətən də eşq olduğunu və bunu ilk dəfə o zaman hiss etdiyini dolu-dolu danışırdı. Aşiq olsa da dayı artıq evli imiş və bir uşağı var imiş… O qadın isə sadecə onun kənarda saxladığı qadın idi.

Nurullah dayının sözlərinə görə, uzun müddət eşq yaşadıqdan sonra qadın kobud bir səhv edib, bu zaman onun eşqi nifrətə dönüşüb və ayrılıblar. Taleyi ilə barışan dayının iki sözündən biri arvadının ölməsini arzulaması idi.

“Arvadım öləndən sonra yaşamağa başlayacam. Artıq o zaman yenidən evlənərəmmi? Yoxsa sənin kimi yollara düşərəmi? Bunu zaman göstərəcək…”

Üç-dörd saatlıq söhbətimiz yekunlaşdı və mən artıq gedəcəyim yerə çatmışdım. Dayı mənə, “səni bir də yolda avtostop çəkən görsəm döyəcəm” – dedi və özümə iş-güc tapmağımı məsləhət gördü. Mən isə ona xoşbəxt olmağı.

Bir müddət onun danışdıqları barədə düşündüm.

Deyir ki, ikimiz də bədbəxtik, bir-birimizi görməyə gözümüz yoxdur. Amma niyə? Niyə hələ də bu bədbəxtliyi davam etdirirsiniz? Heç düşünmür ki, mən bir qadınla evlənib, onu bədbəxt etmişəm. Bəlkə, o, qadının mənə qarşı aqressiv olmasının səbəbi ona qarşı heç bir diqqət və qayğı göstərməməyimdir. Mənə qarşı kobud bir səhv edən aşiq olduğum qadının bunu etməsinə səbəb cəsarətli ola bilməməyimdir bəlkə.

Nə ayrılmağı bacarırlar, nə də xoşbəxt olmağı…

Axı biz ağac deyilik, harasa kök salmaq məcburiyyətində deyilik. Olduğumuz yerdən narazıyıqsa o yeri dəyişmək bizim əlimizdədir.

Ailə üzvlərinin bir yerdə olması xoşbəxtlik deyil. Bəzi insanlar var olduqları üçün yaşadıqlarını düşünürlər.

Kişi arvadını sevməyə bilər, saxladığı qadın da ola bilər, lap əsəbləşsə qadını döyə də bilər. Amma qadın heç vaxt ayrıla bilməz. Niyəmi?

Çünki “boşanmış qadın” damğası vurulacaq. O qadın başqa biri ilə də xoşbəxt ola bilməz. Atasının evinə də gedə bilməz. Çünki söz-söhbətlərin ardı-arası kəsilməyəcək.

Müasir dövrün bəyənilməmə səbəbi bilirsiz nədir? Qadınlar artıq daha çox təhsilə, daha çox sənətə yönəlirlər. Evləndilər, yola getmədilərmi rahat boşana bilirlər. Çünki öz ayaqları üstündə dura bilirlər. Və buna görə, bəzən qınağa tuş gəlirlər ki, “indikilər səbirsizdir”.

Zənnimcə, müasir dövrün qadınları sadəcə güclüdürlər. Öz ayaqları üstündə möhkəm dura bildikləri üçün rahat şəkildə addım ata bilirlər. Və xoşbəxtlik də zatən budur, maddi və mənəvi aslılığın olmamasıdır.

Keçmişdə əri tərəfindən döyülüb, atası evinə getdiyi zaman, orada da “niyə bura gəldin” – deyə, döyüldüyünə görə evli qalınırdısa, qoyun indi boşananlar daha çox olsun.

Əmin olun ki, xoşbəxt insanlar da çox olacaq. Bəli, xoşbəxtlik təkcə bundan ibarət deyil, ama qismən bundan ibarətdir. Bu zaman nə Nurullah dayı kimi həyatının yarısını yolda keçirən kişilər olacaq, nə də onun yoldaşı və “aşiq” olduğu qadın kimilərin gözü yolda qalacaq…